Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19A ünvanında yerləşən və ötən il yanğın baş verən çoxmərtəbəli yaşayış binasında sakinlərin evlərinə qayıdışı başa çatıb.
Ekologiya.az bildirir ki, bu barədə Musavat.com-a binada yaşayan jurnalist Heydər Mirzə məlumat verib. Onun sözlərinə görə, hazırda binada məskunlaşma prosesi tam yekunlaşıb və əsas kommunikasiya xətləri bərpa olunub.
“Binada su, işıq, qaz və internet var. Bu problemlər Yeni ildən əvvəl həll olunmuşdu. Hazırda əsasən kosmetik işlər qalıb”, – deyə sakin bildirib.
Heydər Mirzənin sözlərinə görə, bloklarda vəziyyət hələ də qənaətbəxş deyil. Pəncərələrin bir hissəsi sınıq vəziyyətdə qalıb və bu da mənzillərə soyuğun dolmasına səbəb olur:
“Bloklarda pəncərələr bərpa edilməyib, soyuq hava oradan mənzillərə dolur deyə evləri isidə bilmirik. Divarlar hiss içindədir, rənglənməli və üzlənməlidir. Sonuncu dəfə prokurorluqla danışanda bizə bildirmişdilər ki, işlər Yeni ildən sonra davam etdiriləcək. Hazırda bunu gözləyirik. Liftlərdən biri işləyir, digəri isə hələ də təmir olunmayıb”.
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ötən il baş vermiş yanğın faciə ilə nəticələnmişdi. Hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı həyatını itirmişdi.
Sakinlər binada əsas problemlərin həll edildiyini desələr də, təhlükəsizlik və yaşayış şəraitinin tam bərpası üçün görüləcək işlərin hələ də qaldığını
vurğulayırlar.