AZ

Aparat rəhbəri: Xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlərin nəticələri barədə televiziya kanallarına rəsmi məlumat veriləcək

Bakı, 15 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması, xüsusilə də xarici ifadələrin yersiz istifadəsinin qarşısının alınması məsələsinə dəfələrlə toxunub. Dövlətimizin başçısı ana dilimizin zəngin imkanlarından səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb, dilin milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olduğunu xüsusi qeyd edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzulu elmi-praktik konfransda Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov deyib.

O vurğulayıb ki, yeni informasiya çağırışları və rəqəmsallaşma prosesi Azərbaycan dilinin mediada istifadəsinə müəyyən yeniliklər gətirsə də, bu, dil normalarının pozulması ilə müşayiət olunmamalıdır. Ədəbi dil normalarına riayət edilməsi təkcə estetik məsələ deyil, eyni zamanda hüquqi və ictimai əhəmiyyət daşıyan bir məsələdir. Bu baxımdan mediada dövlət dilinin qorunması istiqamətində müvafiq cəza sanksiyaları da mövcuddur.

“Müasir media mühitində Azərbaycan dilinin saflığına təsir edən ən böyük problemlərdən biri xarici dillərdən heç bir ehtiyac olmadan dilimizə keçən və geniş şəkildə istifadə edilən sözlərdir. Bu cür halların qarşısının alınması məqsədilə Audiovizual Şura ötən ildən televiziya kanallarında xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Hazırda bu monitorinqlər davam etdirilir”, - deyə F.Novruzov bildirib.

O qeyd edib ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, istifadə olunan bir sıra xarici sözlərin siyahısı müəyyənləşdirilib. Nəticələr təsdiq edildikdən sonra bu barədə televiziya kanallarına rəsmi məlumat veriləcək və dil normalarına riayət olunması ilə bağlı müvafiq tövsiyələr təqdim ediləcək.

Seçilən
130
azertag.az

1Mənbələr