Bakı, 15 yanvar, AZƏRTAC
Yeni komandamda işlər yaxşı gedir, hələlik hər şey qaydasındadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko Qazaxıstan mətbuatına müsahibəsində deyib.
Ukraynalı mütəxəssis komandasının mövsümün ikinci hissəsinə hazırlıq prosesini dəyərləndirib: “Azərbaycan çempionatında birinci və ikinci dövrə arasında qısa fasilə var. Oyunçular iki həftə istirahət etdilər, indi isə hazırlığımız davam edir. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır".
Daha əvvəl Qazaxıstanın “Jenis” komandasına rəhbərlik edən çalışdırıcı iki ölkənin çempionatını müqayisə edib: “Hələ tam olaraq prosesə qoşulmamışam. Oyunları videomateriallar vasitəsilə izləmişəm. Amma “Kayrat” və “Qarabağ” Çempionlar Liqasında mübarizə aparırlar. Bu da onu göstərir ki, Azərbaycan və Qazaxıstan çempionatlarının səviyyəsi təxminən eynidir”.
Qeyd edək ki, “Araz-Naxçıvan” Andrey Demçenko ilə “5 ay+1 il” müddətinə müqavilə imzalayıb.