AZ

Alimlər bambunun qan şəkərini aşağı sala biləcəyini aşkar ediblər

Anglia Ruskin Universitetinin alimləri bambu cücərtilərinin (filizlərinin) istehlakının qan şəkərinə nəzarəti yaxşılaşdırdığını, iltihabı azaltdığını, antioksidant və probiotik təsirləri vasitəsilə bağırsaq sağlamlığını dəstəklədiyini müəyyən ediblər.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri “Advances in Bamboo Science” elmi jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində alimlər bambu filizlərinin qida rasionunda istifadəsi ilə bağlı mövcud bütün elmi məlumatları, o cümlədən insan üzərində aparılmış klinik tədqiqatları və hüceyrə səviyyəsində aparılan laboratoriya eksperimentlərini təhlil ediblər.

Aparılan analizlər bambunun zülal, amin turşuları, kalium, selen və B qrup vitaminləri ilə zəngin olduğunu, yağ tərkibinin isə aşağı, lif miqdarının orta səviyyədə olduğunu göstərib. Klinik tədqiqatlar bambu istehlakının qan şəkərinin tənzimlənməsi və lipid profilinin yaxşılaşması ilə əlaqəli olduğunu ortaya qoyub. Bu isə xüsusilə diabet xəstələri və ürək-damar xəstəlikləri riski yüksək olan şəxslər üçün potensial faydalar vəd edir.

Araşdırmada qeyd olunur ki, bambu lifləri — selüloza, hemisellüloza və liqnin — bağırsaq fəaliyyətinin yaxşılaşmasına, eyni zamanda orqanizmdə antioksidant və iltihabəleyhinə aktivliyin artmasına kömək edir. Laboratoriya sınaqları zamanı bambunun faydalı bağırsaq bakteriyalarının inkişafını stimullaşdıran probiotik təsir göstərdiyi də müəyyən edilib. Bundan əlavə, məhsul qidaların istilik emalı zamanı yarana bilən akrilamid və furan kimi zərərli maddələrin formalaşmasını azaltmağa yardımçı olub.

Bununla yanaşı, tədqiqatçılar bambunun tam təhlükəsiz məhsul kimi qəbul edilə bilməyəcəyinə də diqqət çəkiblər. Belə ki, bəzi bambu növləri çiy halda istifadə edildikdə zəhərli sianür ifraz edə bilən qlikozid birləşmələri ehtiva edir. Lakin alimlərin fikrincə, bambu filizlərinin düzgün şəkildə əvvəlcədən bişirilməsi bu riskləri asanlıqla aradan qaldıra bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
93
editor.az

1Mənbələr