AZ

Yaşayış binalarının idarəetməsinə dövlət nəzarətinin vətəndaşlara faydası nə ola bilər? - AÇIQLAMA

Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu qurumlar hələ də mənzil haqlarını yığmaqda fəaliyyətlərini davam etdirirlər. Sakinlər lift, təmizlik və zibilin daşınması üçün mütəmadi ödəniş etsələr də, real mənzərə qaneedici deyil. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, kommunal xidmət ödənişlərinin yığılması və xidmətin göstərilməsi üçün vahid publik hüquqi şəxs yaradılması məqsədəmüvafiqdir və bu istiqamətdə Komitədə təklif verəcək.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirovun sözlərinə görə, dövlət nəzarəti olarsa, kimlərsə öz düşündüyü qiyməti təyin edə bilməz və müsbət nəticələr əldə edilər:

Ekspert

“Bu istiqamətdə hansısa bir qurum yaranmalıdır. Yeni və köhnə binaları əhatə etməlidir. Hər ərazi üzrə ayrıca bölmələr yaradılmalıdır. Bilmirəm, bu qiymətlər binanın yerləşdiyi ərazi və ya binaya görə təyin edilər, hər halda vahid qiymət olmalıdır. Hamı da bunu konkret bilməlidir. Həyətin, blokların təmizlənməsi, liftlərə nəzarət, zibillərin atılması və s. kimi xidmətlər göstərilsə də, xidmət haqlarında fərqlilik çox olur. Məsələn, yanaşı yerləşən binalarda eyni xidmətlərə görə birindən 30 AZN, digərindən 100-200 AZN yığılır. Xidmətlərin əks olduğu konkret siyahı tərtib olunmalıdır. Nəzarət sistemi olarsa, artıq kimsə fərqli qiymət deyə bilməyəcək. Xidmətlərin qarşılığında da qiymətlər dəqiqləşər. Bina sakinləri ilə müqavilə bağlanarkən orada göstəriləcək xidmətlər yazılmalıdır. Buna uyğun ödəniş sistemi olmalıdır. Eyni ərazidə yerləşən binalarda göstərilən eyni xidmətə görə fərqli qiymətlərin təyini doğru deyil. Bəzən aylarla gözlənilir, daha sonra ödənişlər birdən tələb olunur ki, bu da düzgün deyil, vətəndaşın cibinə ziyandır. Bəzən binada nəsə çatışmayanda əlavə vəsait toplanılır. Onda da sual yaranır ki, xidmət haqları yığılarkən bunlar nəzərə alınmır? Xidmət haqları toplanarkən bu kimi məsələlər nəzərə alınmalıdır. MTK və ya hansısa şirkətin vahid büdcəsi olmalıdır. Əgər dövlət nəzarəti olarsa, bu pullar şəffaf formada xərclənəcək”.

 

A.Nəsirov bildirib ki, nəzarət çərçivəsində hər binada seçki yolu ilə məsul şəxsin seçilməsi uğurlu olar: “Çünki həmin şəxs, problemləri kənardan gələndən daha yaxşı biləcək. Bu zaman binada yaşayan hər bir vətəndaşın da göstərilən xidmət haqqında məlumat əldə etmək hüququ olar. Çünki bəzi zamanlarda xidmətlər qeyd olunsa da, göstərilmir və buna görə də pul toplanılır. Bu kimi hallar yolverilməzdir”.

 

Şəhanə Quliyeva

Tarix: 15 Yanvar 2026, 13:23   
Seçilən
4
pravda.az

1Mənbələr