AZ

"Ermənistanda əsirlikdə olan azərbaycanlıların da tezliklə geri qaytarılması üçün addımlar atılmalıdır" - Komitə sədri

"Humanizm bəşəri dəyərdir, insanlığa qayğının və diqqətin ifadəsidir. Törədilən əməldən, cinayətdən asılı olmayaraq, hər bir kəsə diqqət göstərilməsi vacibdir. Digər tərəfdən, ölkələr arasında münasibətlərin yaxşılaşdırılması və düşmənçiliyin aradan qaldırılması üçün bir çox hallarda risklərə getmək, humanistlik göstərmək və törədilmiş cinayətin dərəcəsini nəzərə alaraq bağışlamaq zəruridir".

Bu fikirləri Azərbaycan tərəfinin ölkəmizdə cəza çəkən Vaqif Xaçaturyan və daha 3 erməni məhbusu Ermənistana təhvil verməsindən Redaktor.az-a danışan Milli Məclisin komitə sədri Tahir Rzayev bildirdi.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında son illərdə münasibətlərin yaxşılaşmasına doğru müsbət addımlar atılıb:

"Əlbəttə ki, hər bir müharibənin və münaqişənin sonu sülhdür. Bu gün Ermənistanın Azərbaycanla münasibətləri yaxşılaşdırmağa yönəlməsi həm Ermənistanın, həm də bu ölkə xalqının xeyrinədir. Çünki millətçi ermənilər və bu ölkəni idarə edən qüvvələr uzun illər Azərbaycanla düşmən mövqeyində olub, öz təbliğat maşınlarını Azərbaycanın əleyhinə yönəldiblər. Hazırda isə münasibətlər tədricən yaxşılaşır. Vaşinqtonda keçirilmiş görüşdən sonra Ermənistanın Baş naziri Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına önəm verdiklərini nümayiş etdirir və göstərirlər ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşdırılmadan Ermənistanın inkişafı mümkün deyil.

Məhz buna görə də müəyyən maddələrlə təqsirli bilinərək ölkəmizdə cəza çəkən dörd nəfərin - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilməsi Azərbaycan dövlətinin humanizminin ifadəsidir. Bu addım münasibətlərin daha da yaxşılaşdırılması və sülhün tezləşdirilməsi üçün vacib şərtdir. Sözsüz ki, Ermənistanda əsirlikdə olan azərbaycanlıların da tezliklə geri qaytarılması üçün addımlar atılmalıdır. Azərbaycanın bu humanist addımı həm də dünya üçün nümunədir və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir. Hesab edirəm ki, bu, Ermənistan dövləti tərəfindən də yüksək qiymətləndirilməlidir. Millətçi ermənilər bir daha anlamalıdırlar ki, Azərbaycan xalqı və Azərbaycan dövləti humanist addımları ilə daimi sülhün bərqərar olmasına zəmin yaradır".

Nuriyyə NATİQQIZI

Seçilən
168
1
redaktor.az

2Mənbələr