"Football-plus.az" xəbər verir ki, 38 yaşlı ulduz 2026 mövsümünə “Australian Open” ilə başlamağı planlaşdırır:
“Təəssüf ki, növbəti həftə Adelaidada start götürəcək. Turnirdə iştirak etmək üçün fiziki cəhətdən tam hazır deyiləm. Çox təəssüflənirəm, axı bu yerlə məni çoxlu xoş xatirə bağlayır. İki il əvvəl Adelaidada titul qazanmışam. Dönməyi çox istəyirdim, axı orda özümü evdəki kimi hiss edirdim. İndiki məqamda bütün fikrimi “Australian Open”ə hazırlaşmağa yönəltmişəm. Melburna yollanmağı, avstraliyalı tennis fanatları ilə görüşməyi gözləyirəm”.
Builki “Australian Open” yanvarın 18-də start götürəcək, fevralın 1-nə qədər davam edəcək. Cokoviç bu turnirin onqat qalibidi.
Yeri gəlmişkən, Avstraliya Açıq Çempionatının təşkilatçıları builki turnirin qalibləri və iştirakçıları üçün rekord həcmdə mükafat fondu müəyyənləşdirib. Melburnda keçiriləcək “Böyük dəbilqə” seriyalı turnirin ümumi mükafat fondu 74,9 milyon dollar olacaq ki, bu da ötən illə müqayisədə 16 faiz artım deməkdi. Fərdi yarışların finalçıları 1,4 milyon, çempionlar 2,8 milyon dollar alacaq. Bu, ötənilkindən 19 faiz çoxdu. İlk mərhələdə mübarizəni dayandıranlar isə 101 min dollar qazanacaq.
Xatırladaq ki, “Australian Open”in ötənilki qalibləri amerikalı Medison Kis və italiyalı Yannik Sinner olub.