AZ

Elşad Abışov: Hər dil mənsub olduğu xalqın həm tarixi keçmişi, həm də gələcəyi ilə sıx bağlıdır

Bakı, 15 yanvar, AZƏRTAC

Müasir dövrdə Azərbaycan dilində alınma sözlərin mövcudluğu danılmazdır. Əvvəlki dövrlərlə müqayisədə bu sözlərin sayının artması isə təbii prosesdir. Belə ki, texnologiyanın sürətli inkişafı, qloballaşma, eləcə də dünyada gedən siyasi və ictimai proseslər yeni anlayışların dilə daxil olmasını zəruri edir. Bununla yanaşı, dilimizi əsassız və lazımsız alınma sözlərdən qorumaq üçün məqsədyönlü mübarizə aparılmalıdır. Azərbaycan dilinin saflığının qorunması istiqamətində aparılan mübarizə tarixən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilib. Xüsusilə ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə dilin saflığının qorunması və inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilib.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dosenti Elşad Abışov bildirib.

Alınma sözlərlə bağlı digər ölkələrin təcrübəsini bölüşən dosent deyib: “Baltikyanı ölkələrdə xüsusi dil qurumları fəaliyyət göstərir və yeni terminlərin, müəssisə adlarının müəyyənləşdirilməsi həmin qurumların razılığı ilə həyata keçirilir. Yaponiyada isə xüsusi komissiya mövcuddur ki, gündəlik dilə daxil olan sözləri sistemli şəkildə qeydiyyata alır və alınma sözlərin qarşısının alınması istiqamətində tədbirlər görür. Dil xalqın milli varlığının bilavasitə daşıyıcısıdır. Hər dil mənsub olduğu xalqın həm tarixi keçmişi, həm də gələcəyi ilə sıx bağlıdır. Xalqın özünəməxsus dili yoxdursa, onun milli kimliyindən bəhs etmək mübahisəli məsələdir. Ümumilikdə dilin inkişafı birbaşa cəmiyyətin inkişaf səviyyəsi ilə bağlıdır. Cəmiyyət hansı sürətlə inkişaf edirsə, dil də bu təkamülü paralel şəkildə izləyir. Dilin inkişafı ilə onun saflığının qorunması arasında tarazlığın saxlanılması isə mühüm məsələdir. İnkişaf tələbləri ilə saflığın qorunması müxtəlif yanaşmalar tələb etsə də, dilin qorunması və zənginləşdirilməsi əsasən həmin dildə danışan insanların məsuliyyəti və vəzifəsidir”.

 

 

Seçilən
53
azertag.az

1Mənbələr