İngiltərənin Angliya Raskin Universitetinin alimləri müəyyən ediblər ki, bambu cücərtilərinin istehlakı qan şəkərinin tənzimlənməsinə, iltihabın azalmasına və bağırsaq sağlamlığının qorunmasına kömək edir.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Advances in Bamboo Science" jurnalında dərc olunub.
Alimlər həm insan üzərində aparılmış, həm də hüceyrələrdəki eksperimentləri əhatə edən bütün elmi məlumatları analiz ediblər. Analiz göstərib ki, bambu zülal, amin turşuları, kalium, selen və B qrupu vitaminləri ilə zəngindir, az yağ və orta səviyyədə lif ehtiva edir. Kliniki tədqiqatlarda bambunun istifadəsi qan şəkərinin və lipid profilinin yaxşılaşması ilə əlaqələndirilib ki, bu da şəkər xəstələri və ürək-damar xəstəlikləri risk qrupunda olan insanlar üçün faydalıdır.
Bambunun tərkibindəki liflər sellüloza, hemisellüloza və lignin bağırsaq funksiyasını yaxşılaşdırır, antioksidant və iltihab əleyhinə təsirləri gücləndirir. Laboratoriya sınaqlarında bambu probiotik təsir göstərərək faydalı bağırsaq bakteriyalarının böyüməsini dəstəkləyib. Eyni zamanda, məhsul termiki işlənmə zamanı əmələ gələ bilən toksik birləşmələrin akrilamid və furanın yaranmasını azaldır.
Alimlər qeyd edirlər ki, bambu tamamilə təhlükəsiz məhsul hesab edilə bilməz. Bəzi növləri xam halda istehlak edildikdə toksik sianid yarada bilən glikozid molekulları ehtiva edir. Lakin düzgün əvvəlcədən qaynama bu riskləri aradan qaldırır.
Nuriyyə NATİQQIZI