Praqa, 15 yanvar, AZƏRTAC
Avropa İttifaqı ölkələrində avtomobil yanacaqdoldurma məntəqələrində yanacaq qiymətləri son həftələrdə nəzərəçarpacaq dərəcədə dəyişir.
AZƏRTAC xəbər verir ki, ekspertlərin fikrincə, bu dəyişkənliyin əsas səbəbi qlobal neft bazarında yaranmış qeyri-müəyyənlikdir. Xüsusilə Venesuelada davam edən siyasi və iqtisadi qeyri-sabitlik, eləcə də, İran ətrafında artan geosiyasi gərginlik dünya bazarlarında neftin qiymətinə birbaşa təsir edir.
Venesuela dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik ölkələrdən biri olsa da, istehsalın azalması və ixrac problemləri tədarük zəncirində riskləri artırır. Eyni zamanda, İranla bağlı sanksiya ehtimalları və regionda təhlükəsizliklə bağlı narahatlıqlar investorların davranışına təsir göstərir. Nəticədə, xam neftin qiymətindəki hər bir dəyişiklik Aİ ölkələrində benzin və dizel qiymətlərinə tez bir zamanda əks olunur.
Almaniya, Fransa və İtaliya kimi iri iqtisadiyyatlarda sürücülər qiymətlərin tez-tez dəyişməsindən narazılıq edirlər, həmçinin Macarıstan və Çexiya kimi kiçik ölkələrdə. Bəzi ölkələrdə hökumətlər inflyasiya təzyiqlərini azaltmaq üçün vergi mexanizmlərinə yenidən baxmağı müzakirə edirlər. Analitiklər isə yaxın aylarda vəziyyətin sabitləşməsinin əsasən Yaxın Şərq və Latın Amerikasındakı siyasi proseslərdən asılı olacağını bildirirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa