Latviya rusdilli radio yayımlarına SON QOYACAQ
Ajans.az xəbər verir ki,bu barədə ölkənin Radio və Televiziya portalı LSM məlumat yayıb. Məlumata görə, Latviya Milli Elektron Kütləvi Media Şurasının (NEPLP) sədri İvars Aboliņš parlamentə rusdilli radio yayımlarının səkkiz il ərzində tədricən dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. O bildirib ki, müvafiq sənəd 14 yanvar tarixində qanunverici orqana göndərilib. Aboliņš rus dilində yayımlanan radiostansiyaların lisenziyalarının yenilənməməsini, mövcud lisenziyaların müddətinin bitməsinin isə gözlənilməsini təklif edir. Onun sözlərinə görə, sonuncu belə lisenziyanın müddəti 2034-cü ildə başa çatır. Şura sədri bu yanaşmanı rusdilli radio yayımlarına son qoymağın yeganə hüquqi və məntiqli yolu kimi qiymətləndirir. Qeyd olunur ki, Latviya ərazisində fəaliyyət göstərən 40 radiostansiyadan 13-ü rus dilində yayımlanır. Xatırladaq ki, 1 yanvar tarixindən etibarən Latviya hakimiyyəti dövlət mediasında rusdilli televiziya və radio yayımlarını qadağan edib, rusdilli qəzet və kitabların satışına tətbiq olunan ƏDV-ni 21 faizə yüksəldib, həmçinin məktəblərdə rus dilinin ikinci xarici dil kimi tədrisini dayandırıb. Rəsmi Riqa bu addımları milli təhlükəsizlik maraqları ilə əsaslandırır və ölkədə bütün media məzmununun latış dili və ya Avropa İttifaqının rəsmi dillərindən birində təqdim olunduğu vahid informasiya məkanının formalaşdırılmasını hədəflədiyini bildirir. Qeyd edilir ki, Latviya əhalisinin təxminən 40 faizi rus dilində danışır.