AZ

Paşinyan İran səfirinə cavab verdi


“Biz İrandan gələn bəyanatlara çox diqqətlə yanaşırıq. Dost və qardaş ölkənin narahatlıqlarını aradan qaldırmaq üçün hər şeyi etmişik və etməkdə davam edəcəyik”
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İranın İrəvandakı səfiri Xəlil Şirqolaminin diplomatik nümayəndəliyin qarşısında keçirilən etiraz aksiyaları ilə bağlı sərt açıqlamasına münasibət bildirərkən deyib.
Baş nazir Yerevandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarına münasibət bildirərkən qeyd edib ki, 2018-ci ildən bəri Ermənistanın heç bir yerində etiraz aksiyaları qadağan edilməyib. O bildirib ki, hakimiyyət konkret bir halda fərqli hərəkət edə bilməz.
Eyni zamanda, Baş nazirin qeyd etdiyi kimi, Ermənistan hakimiyyəti İran səfirliyinin işinə heç bir şeyin mane olmamasını təmin etmək üçün yaxından nəzarət edir.
“Biz vəziyyəti diqqətlə izləyəcəyik, o cümlədən ifadə edilən narahatlıqlara cavab olaraq, dost və qardaş İran səfirliyinin işində heç bir problemin olmamasını təmin etmək üçün bütün mümkün addımları atacağıq. Qanunu pozan bütün şəxslərə qarşı müvafiq tədbirlər görüləcək”, - deyə Paşinyan əmin edib.
O, həmçinin, qeyd edib ki, İran səfirliyinin qarşısında keçirilən mitinqlərlə bağlı bir neçə iş üzrə inzibati icraat başlanıb.
O izah edib ki, Ermənistan rəsmiləri iranlı həmkarları ilə ünsiyyətlərində dəfələrlə Ermənistanın İranın milli təhlükəsizliyinə qarşı tədbir görməyəcəyini bildiriblər.
“Biz də İrandan eyni şeyi gözləyirik”, - deyə Ermənistanın Baş naziri əlavə edib.
Qeyd edək ki, İranın İrəvandakı səfiri Xəlil Şirqolami bir müddət əvvəl Ermənistanın getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrildiyini bəyan etmiş, bir qrup şəxsin bir neçə gündür İrəvandakı səfirliyin qarşısında təhqiramiz ifadələrlə müşayiət olunan etiraz aksiyaları keçirməsindən narazılığını bildirmişdi.
Seçilən
90
yeniavaz.com

1Mənbələr