Azərbaycanlı alim ABŞ-də SAXLANILDI
Ajans.az xəbər verir ki,Hüseynovun heç bir cinayət qeydi yoxdur və ona 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən qanuni vizası mövcuddur. Buna baxmayaraq, o, artıq bir həftədən çoxdur ki, Nyu-York ştatının Batavia şəhərində yerləşən ICE təcridxanasında saxlanılır. Hadisə 7 yanvar tarixində baş verib. Məlumata görə, Hüseynov avtomobillə hərəkət edərkən səhvən Kanadaya aparan "Sülh Körpüsünə" daxil olub. Daha sonra Buffaloya qayıdarkən ABŞ sərhəd agentləri tərəfindən saxlanılıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsinin (CBP) sözçüsü bildirib ki, agentlər Hüseynovun “ABŞ-dan deportasiya oluna biləcəyini müəyyən ediblər” və onu ICE-yə təhvil veriblər. Saxlanılmanın konkret hüquqi əsası açıqlanmayıb. Buffalo Universitetinin (UB) sözçüsü Con Della Kontrada bildirib ki, Hüseynov 2022-ci ildən etibarən Daxili Təhlükəsizlik Departamenti tərəfindən təsdiqlənmiş iş icazəsi ilə Ceykobs Tibb və Biotibbi Elmlər Məktəbində tədqiqatçı kimi çalışıb. ICE sözçüsü isə Hüseynovun ABŞ-a J-1 vizası (universitet tələbələri və tədqiqatçılar üçün nəzərdə tutulmuş) ilə daxil olduğunu, hazırda isə onun başqa viza və ya hüquqi status üçün müraciətinin baxılma mərhələsində olduğunu bildirib. Eyni zamanda ICE Hüseynovun “hazırda hüquqi statusunun olmadığını” iddia edərək onun deportasiyasına çalışıldığını açıqlayıb. Hüseynov bu vəziyyətlə üzləşən yeganə şəxs deyil. Son bir il ərzində Buffalo ərazisində Kanadaya aparan körpülərə səhv dönən azı beş nəfər saxlanılıb. Hüseynov kimi bir çox şəxslər cinayət törətməsələr də, immiqrasiya orqanları tərəfindən tutulublar. “Miqrant Ailələri üçün Ədalət” qeyri-kommersiya təşkilatının icraçı direktoru Cenifer Konnor bildirib ki, bu cür ardıcıl ICE həbsləri yeni bir tendensiyadır: “Əvvəlki administrasiyalar dövründə belə səhvlər adətən sadəcə gecikmə ilə nəticələnirdi. 2025-ci ilin yanvarından sonra isə saxlanılma qayda halını alıb. Elə bil hamı tutulur”. UB-də Hüseynovla birlikdə çalışan tədqiqat professoru Maykl Morales onu yüksək qiymətləndirib: “O, yaxşı alim və məsuliyyətli insandır. Çox çalışqandır və onunla işləmək xoş idi.” Morales əlavə edib ki, Hüseynovun həyat yoldaşı və iki azyaşlı övladı var, onlardan biri ABŞ vətəndaşıdır.