AZ

Müharibələr, iqlim böhranı, iqtisadi qeyri sabitlik... İndi də yeni asteroid həyəcanı: Toqquşma mümkündür

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bir asteroidimiz çatışmırdı. Dünya onsuz da müharibələr, iqlim böhranı, iqtisadi qeyri-sabitlik, pandemiya sonrası travmalarla boğuşarkən, indi də CE2XZW2 adlı bir kosmik “qonaq” gündəmə gəlib. Yanvarın 14-də kəşf edilən bu asteroid Yerlə toqquşa bilərmiş. Doğrudur, alimlər deyir ki, planetin özünə ciddi zərər dəyməyəcək. Amma yenə də sual açıq qalır: bəs insanlar?

Rusiya Elmlər Akademiyasının açıqlamasına görə, asteroidin nominal orbiti Yer mərkəzindən təxminən 3 min kilometr məsafədən keçir. Astronomiya ölçüləri üçün bu, demək olar ki, qapının ağzıdır. Yəni “narahat olmayın” deyə başlanan cümlənin sonunda ehtiyatla əlavə olunur: “amma toqquşma ehtimalı var”.

Elm dili həmişə sakitdir. “Ehtimal”, “dəqiq deyil”, “əlavə müşahidələr lazımdır”. Amma bu cümlələr cəmiyyətə çatanda tamam başqa səslənir. Çünki insanlıq artıq yaxşı xəbərlərə alışmayıb. Hər yeni gün bir risk, bir təhdid, bir “amma” ilə başlayır.

Alimlər bildirir ki, asteroid yeni kəşf edildiyi üçün orbit tam dəqiqləşməyib. Bu da o deməkdir ki, hələlik qorxmağa da, rahatlamağa da tələsmək olmaz. Amma müasir dünyada qeyri-müəyyənliyin özü artıq stres mənbəyidir. İnsanlar konkret təhlükədən yox, naməlumdan daha çox qorxur.

Əslində asteroid xəbəri bir metaforaya çevrilir. Sanki Yer kürəsi uzun müddətdir risk zonasından çıxmır. Göydən daş düşməsə də, yerdə hər gün həyat bir az da ağırlaşır. Kosmosdan gələn təhlükə bəlkə də ən az narahat olmalı olduğumuz məsələdir.

Bir tərəfdən elm adamlarının soyuqqanlılığı sevindiricidir. “Planetə zərər dəyməyəcək” deyirlər. Digər tərəfdən bu cümlə acı bir ironiya yaradır. Planet qalacaq, amma insanlıq öz problemlərini həll edə biləcəkmi?

Asteroidlər gəlib-gedir. Dünya tarixində saysız-hesabsız belə hadisə olub. Amma insanın öz əli ilə yaratdığı böhranlar daha təhlükəlidir. Müharibə, yoxsulluq, ədalətsizlik, ekoloji fəlakətlər bunların orbitini hesablamaq olmur.

CE2XZW2 bəlkə də sadəcə elmi maraq doğuran bir cisim olaraq qalacaq. Bəlkə də bir neçə ay sonra bu xəbər unudulacaq. Amma bir həqiqət dəyişmir ki, insanlıq elə bir dövrdə yaşayır ki, artıq “bir asteroidimiz də çatışmırdı” demək tamamilə normal səslənir.

Kosmosdan gələn təhlükə hələ ehtimaldır. Yer üzündə olanlar isə artıq reallıqdır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
115
icma.az

1Mənbələr