AZ

Bu il Mərkəzi və Şərqi Avropada kirayə mənzillərin qiyməti kəskin artacaq - PROQNOZ

Praqa, 15 yanvar, AZƏRTAC

2026-cı ildə Vışeqrad qrupu ölkələri, ümumilikdə Mərkəzi və Şərqi Avropada kirayə mənzillərin qiyməti orta hesabla 6–9 faiz arta bilər.

AZƏRTAC xəbər verir ki, kirayə mənzil bazarını təhlil edən assosiasiyalar bildirir ki, bu artım həm nominal, həm də real əməkhaqlarının yüksəliş tempini qabaqlayacaq. Eyni zamanda, ilkin və ikinci bazarda mənzillərin satış qiymətlərinin də bahalaşacağı gözlənilir.

Ekspertlərin qiymətləndirməsinə əsasən, cari ildə kirayə mənzillərdə yaşayan insanların sayı on minlərlə artacaq. 2025-ci ildə regionun bir sıra ölkələrində kirayə qiymətləri artıq orta hesabla 8 faiz yüksəlib. İl sonunda kvadratmetr üçün orta kirayə haqqı təxminən 11 avro səviyyəsində formalaşıb.

Ən yüksək qiymətlər ənənəvi olaraq paytaxtlarda və iri şəhərlərdə qeydə alınır. Bu şəhərlərdə kvadratmetr üçün kirayə haqqı 18 avroya qədər yüksəlib. Analitiklər hesab edirlər ki, paytaxtlar, regional mərkəzlər və digər ərazilər arasındakı qiymət fərqi 2026-cı ildə daha da artacaq.

Bununla yanaşı, iri şəhərlərə yaxın, inkişaf etmiş nəqliyyat infrastrukturu olan bölgələrdə də kirayə qiymətlərinin artımı davam edə bilər. Artan tələbat və məhdud təklif bazarda təzyiqi gücləndirən əsas amillər kimi göstərilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Seçilən
69
azertag.az

1Mənbələr