“Şən və Hazırcavablar Klubu”nun üzvü, Əməkdar artist Cabir İmanovun vəfatından dörd aya yaxın vaxt ötür.
“Yeni Sabah” əməkdaşı Bakının Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbiristanlığında mərhumun məzarını ziyarət edib.
Daha öncəki ziyarətlərimizdə müşahidə etdiyimiz kimi, sənətkarın məzarı üzərinə yenə də çox sayda güllər düzülmüşdü. Görünür, yaxınları, sənət dostları və sevənləri Cabir İmanovun məzarını tez-tez ziyarət edir.
Ziyarət zamanı diqqətimizi çəkən əsas məqam isə Əməkdar artistin qəbirinin üstünün hələ də götürülməməsi, başdaşı qoyulmaması oldu. Hazırda Azərbaycanda müşahidə edilən ənənəyə gör, adətən, vəfat edən şəxsin məzarının üstü mərhumun 40 mərasiminədək götürülür, sinə və başdaşı qoylur, ətarf abadlaşdırılır. Amma C.İmanovun qəbirinin üstü götürülməyib, ilk gündə olduğu kimi saxlanılıb. Hətta, həmin məzarda Əməkdar artistin dəfn edildiyini göstərən bir nişanə belə yoxdur: Cabirin adı heç yerdə qeyd olunmayıb.
Doğmalarının nəyə görə belə bir qərar verməsinin səbəbi məlum deyil. Ona görə də bu barədə yalnız ehtimalla danışmaq olar.
Birincisi, bu, mərhumun və onun qardaşı, Əməkdar artist, aktyor Tahir İmanovun dini baxışları ilə bağlıdır. Yerli mətbuat yazır ki, İmanov qardaşları İslamın sələfi təriqətinə mənsubdurlar, dinin tələblərini olduğu kimi yerinə yetirirlər. Bunu gücləndirən arqumentlərdən bir də Cabir İmanov son mənzilə yola salınması zamanı dini ayinləri Azərbaycan sələfilərinin tanınmış nümayəndəsi Əlixan Musayevin yerinə yetirməsi idi. Sələfilər məzar daşı hazırlatmırlar, qəbrin itməsini normal sayırlar.
İkincisi, ola bilər ki, C.İmanovun məzarüstü abidəsi hazırlanır. Bu isə müəyyən zaman tələb edir. Ona görə də qəbir olduğu kimi qalıb.
“Yeni Sabah”ən əməkdaşı məsələ ilə bağlı Cabir İmanovun atası, professor Qorxmaz İmanovla əlaqə saxlayıb. Lakin o, suallara cavab verməkdən imtina edib.
“Cabirlə bağlı heç vaxt danışmayacam. Heç kimə heç nə demək fikrində deyiləm”, - o, söhbəti yekunlaşdırıb.
Qorxmaz İmanovun mövqeyini anlayışla qarşılayırıq. Görünür, dərdli ataya gənc yaşında dünyadan köçən övladı barədə danışmaq çətindir, amma Cabirin xatirəsinin yaşadılması da vacibdir…
Qeyd edək ki, C.İmanov 2025-ci il sentyabrın 29-da 49 yaşında vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub.
Nazim Hacıyev
Telegram kanalımız