Türkiyə Estoniya və Rumıniyada döyüş təyyarələri yerləşdirməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları 2026-cı ilin avqust–noyabr aylarında dörd aylıq müddətə Estoniyada yerləşdiriləcək. Daha sonra isə 2026-cı ilin dekabrından 2027-ci ilin martınadək Rumıniyada növbəti rotasiya həyata keçiriləcək.
Xatırladaq ki, Türkiyə bundan əvvəl 2021-ci ilin iyul–sentyabr aylarında Polşada, eləcə də 2023-cü ilin noyabrından 2024-cü ilin aprelinədək Rumıniyada NATO-nun gücləndirilmiş hava patrul əməliyyatlarında iştirak edib.
Planlaşdırılan bu yerləşdirmə NATO-nun Rusiyanın alyans üzvlərinin hava məkanını pozması fonunda hava hücumundan müdafiə tədbirlərini gücləndirməsi ilə əlaqələndirilir.
Bundan əlavə, Türkiyə iyul ayında keçiriləcək növbəti NATO sammitinə ev sahibliyi edəcək.
Aliyə