AZ

Magistratura üzrə keçid balları artacaq? - Ekspertdən proqnoz

Bakı, 15 yanvar, AZƏRTAC

Bu il magistratura üzrə keçid ballarının artıb-artmayacağı əsasən qəbul imtahanının nəticələrindən asılı olacaq. Əvvəlki illərin nəticələri göstərir ki, magistratura imtahanlarında müəyyən qeyri-bərabərlik müşahidə olunur. Belə ki, magistratura imtahanı ümumilikdə 100 sualdan ibarətdir: 50 sual riyazi məntiq, 25 sual informatika, 25 sual isə xarici dil fənni üzrədir. Dəqiq fənlərə, xüsusilə riyaziyyat və informatikayönümlü ixtisasları bitirən bakalavrlar bu imtahanda daha yüksək nəticə göstərirlər. Humanitar ixtisaslar üzrə təhsil alan bakalavrlar isə bu fənlər üzrə bilikləri zəif olduğuna görə nisbətən aşağı bal toplayırlar ki, bu da müəyyən qeyri-bərabərliyə səbəb olur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, imtahan suallarının çətinlik səviyyəsi keçid ballarına birbaşa təsir edir: “Əgər suallar çətin olarsa, əvvəlki illə müqayisədə ballar aşağı düşəcək. Suallar asan olarsa, keçid ballarının artması gözlənilir. Ötən illərdə plan yerlərinin bir hissəsinin boş qalması bu il sualların nisbətən yüngülləşdirilməsinə təsir göstərə bilər”.

Ekspert qeyd edib ki, müsabiqənin bərabər rəqabət mühitində təşkili üçün plan yerləri ilə keçid balını toplayan bakalavrların sayı arasında balans olmalıdır: “Məsələn, dövlət tərəfindən 20 min plan yeri ayrılıbsa, müsabiqəyə buraxılan bakalavrların sayı ən azı 25–30 min olmalıdır ki, real rəqabət formalaşsın. Keçən il bəzi magistratura ixtisasları üzrə plan yerləri boş qaldı. Hesab edirəm ki, bu il DİM bu məsələyə xüsusi diqqət yetirəcək və problem qismən aradan qalxacaq. Magistratura imtahanında yüksək bal toplayanların əksəriyyəti riyaziyyat və kompüteryönümlü ixtisasların məzunlarıdır. Bu vəziyyətdə obyektivliyi və bərabərliyi qorumaq üçün müəyyən tənzimləmələr aparıla bilər. Məsələn, riyazi məntiq suallarının sayının azaldılması və hər ixtisas üzrə əlavə fənn suallarının daxil edilməsi daha məqsədəuyğun olardı.

Məsələn, bir bakalavr tarix ixtisasını bitirib və gələcəkdə tarix üzrə akademik fəaliyyətlə məşğul olmaq istəyir. Amma magistratura imtahanında tarix fənnindən heç bir sual yer almır. Bu isə tədris aldığı ixtisas üzrə biliklərinin qiymətləndirilməməsi deməkdir. Nəticədə dəqiq fənlər üzrə təhsil alan bakalavrlar daha üstün mövqedə olurlar. Bu baxımdan imtahan modelində müəyyən dəyişikliklər daha ədalətli olardı”.

Ramin Nurəliyev magistraturaya hazırlaşan bakalavrlara da tövsiyələrini verib: “Bakalavrlar, ilk növbədə, qeydiyyat prosesini düzgün tamamladıqlarına əmin olmalıdırlar. Daha sonra imtahana ciddi şəkildə hazırlaşmalı, xüsusilə riyazi məntiq suallarına diqqət yetirməlidirlər. Vaxt bölgüsünün düzgün aparılması çox vacibdir. İmtahan üçün ayrılan 3 saat 30 dəqiqə kifayət qədər yetərlidir. Problem vaxtın azlığında deyil, vaxtın düzgün bölüşdürülməməsindədir. Bakalavrlar hər fənn üzrə bilik səviyyələrinə uyğun vaxt bölgüsü aparmalı və imtahan müddətindən səmərəli istifadə etməlidirlər. Bu, nəticələrə birbaşa təsir göstərir”.

Seçilən
106
azertag.az

1Mənbələr