Fransa 2027-ci ilə qədər müdafiə büdcəsini 64 milyard avroya çatdırmağı hədəfləyir
Fransanın 2027-ci ilə qədər milli müdafiə büdcəsini 64 milyard avroya çatdırmaq istədiyi bildirilir.Fransa Prezidenti Emmanuel Makron, Buş-dü-Ron əyalətinin İstres şəhərindəki hərbi bazada çıxış edərək, son bir il ərzində həyata keçirilən uğurlu hərbi əməliyyatlara görə fransız əsgərlərinə təşəkkür etdi.
Makron, milli müdafiə və silahlanmanın inkişafı sahəsində atılan addımları vurğulayaraq, "2026-cı il də çətin bir il olacaq, lakin Fransa buna hazırdır" dedi."Müdafiə sektorundakı səylərimiz davam edəcək", - deyə Makron bildirib və hazırkı "qəddar" dünya nizamında güclü qalmaq üçün "daha sürətli və qətiyyətli hərəkət etməli" olduqlarını vurğulayıb.
Bu kontekstdə Makron əvvəllər müəyyən edilmiş 2030-cu il üçün 64 milyard avroluq müdafiə büdcəsi hədəfinin 2027-ci ilə qədər irəli sürüldüyünü və 2026-cı il üçün əlavə 3,5 milyard avro müdafiə xərclərinin proqnozlaşdırıldığını açıqlayıb.
Makron bildirib ki, Fransa ordusunun əməliyyat qabiliyyətini qorumaq və potensial münaqişəyə hazırlaşmaq üçün bütün sursat ehtiyatları artırılacaq və Fransanın xarici mənbələrdən asılılığını azaltmaq üçün erkən xəbərdarlıq və uzun mənzilli silah sistemlərində müdafiə qabiliyyətləri təkmilləşdiriləcək.
O, həmçinin Fransa ordusunun qısamüddətli əməliyyatlarda iştirak etmək qabiliyyətini artırmağı hədəflədiklərini qeyd edib və müstəqil təhlükəsizlik strategiyası üçün müdafiə və kosmik texnologiyalarını süni intellektlə dəstəkləməyin vacibliyini vurğulayıb.
Digər tərəfdən, ABŞ-dakı Donald Tramp administrasiyasının sahib olmaq istədiyi Qrenlandiya ilə bağlı Makron "avropalıların Qrenlandiyaya qarşı xüsusi məsuliyyəti olduğunu" vurğuladı və Fransanın Qrenlandiyaya qoşun göndərməyə başladığını və yaxın günlərdə onu quru, hava və dəniz qüvvələri ilə gücləndirəcəyini açıqladı.
Makron bildirib ki, "Fransanın oynamalı olduğu rol budur: təhdidlərə qarşı hazır olmaq, uyğunlaşmaq və ərazisini qorumaqda suveren dövlətin yanında olmaq".
aia.az
Tərcümə şöbəsi