Təhsil eksperti Məzahir Məmmədlinin buraxılış imtahanlarında 4 səhvin 1 düzü aparması tətbiqini təklif etməsi müzakirələrə səbəb olub.
Bəs hazırda Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarında niyə 4 səhvin 1 düzü aparması tətbiqini həyata keçirmir?
Redaktor.az-ın məlumatına görə, bu sualla cavabında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, belə bir tətbiqə ehtiyac yoxdur:
"Çünki əvvəla buraxılış imtahanı qəbul imtahanının bir parçası olduğu halda, həmçinin də şagirdin attestat nəticələrinə əlavə olunan bir imtahandır. Yəni, buraxılış imtahanı nəticəsi şagirdin orta ümumtəhsil qiymətlərinə də təsir göstərir. İkincisi, İkincisi, buraxılış imtahanında mətn sualları da mövcuddur, bunun tənzimlənməsi 4 səhvin bir düzü aparması ilə müəyyənləşə bilməz. Çünki mətn suallarının cavablandırılmasına uyğun formada qiymətləndirmə həyata keçirilir.
Üçüncüsü, buraxılış imtahanında dinləmə tipli sualların özünəməxsus qiymətləndirmə meyarı var. Burda səhv düzü aparması prosesi mümkün görünmür.
Dördüncüsü, 9-cu sinif buraxılış imtahanında xarici dil fənni üzrə şəkillər üzərində hekayə yazılması qaydasının yoxlanılması da müvafiq meyarlara əsasən həyata keçiriləcəyi üçün burda da 4 səhvin 1 düzü aparması tətbiqi ideal görünmür.
Beşincisi, buraxılış imtahanında səhv düzü apardığı təqdirdə bu şagirdin ümumi nəticəsinə təsir göstərəcək. Ümumi nəticələrin aşağı düşməsi qaçılmaz olacaq. Ona görə də, həm Elm və Təhsil Nazirliyi, həm də DİM buna maraqlı deyil".
Ekspert qeyd edib ki, buna görə də buraxılış imtahanlarında səhvin düzü aparması təklifini verənlər çox da həvəsli olmamalıdır:
"Hazırkı tətbiq ən doğru olandır".
T.İSMAYIL