ABŞ Senatının Konqresində Silahlı Qüvvələr Komitəsinin aparıcı demokrat üzvü Cek Rid xəbərdarlıq edib ki, ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsi ilə nəticələnən hərbi əməliyyat təkcə Latın Amerikası üçün deyil, ABŞ üçün də genişmiqyaslı mənfi nəticələr doğura bilər.
Redaktor.az xəbər verir ki, Rid bu fikirləri komitədə keçirilən dinləmələr zamanı səsləndirib.
O, Karakasda həyata keçirilmiş Amerika reydinin icra baxımından yüksək səviyyədə təşkil olunduğunu qeyd etsə də, bunun strateji baxımdan risklər daşıdığını vurğulayıb. “Hərbi potensial strateji müdrikliklə eyni deyil. Bu əməliyyatın nəticələri hələ də kifayət qədər qeyri-müəyyəndir və həm regiona, həm də Birləşmiş Ştatlara inanılmaz təsir göstərə bilər”, – deyə senator bildirib.
O, Senatın Silahlı Qüvvələr Komitəsində faktiki olaraq sədr müavinidir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 3-də Karakasda hərbi əməliyyatın keçirildiyini və nəticədə Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə ABŞ hərbçiləri tərəfindən ələ keçirildiyini açıqlamışdı.
Xədicə BAXIŞLI