Son illərdə Dövlət Neft Fondunun (SOFAZ) daşınmaz əmlak subportfeli ilə bağlı açıqlanan rəsmi hesabatlar cəmiyyətdə ciddi suallar doğurur. Hesablama Palatasının məlumatlarına görə, bu istiqamətdə gəlirlilik azalır, əməliyyatların sayı isə son üç ildə kəskin şəkildə aşağı düşüb. Xüsusilə 2024-cü ildə daşınmaz əmlak subportfelində mənfi – 2,9 faiz gəlirlilik qeydə alınıb, 2025-ci ildə isə formal olaraq sıfır səviyyəsinə çıxılsa da, struktur problemlər qalmaqdadır. Bu fondda investisiya qərarlarının nə dərəcədə düzgün olduğu, alternativ maliyyə alətlərinin niyə vaxtında nəzərdən keçirilmədiyi və bütün bunların sosial nəticələrinin nə olacağı barədə müzakirələr aktuallaşıb.
Bu mövzu ilə bağlı azreform.info Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev ilə söhbətləşib.
-Hesablama Palatasının açıqladığı məlumata görə, daşınmaz əmlak subportfelinin gəlirliliyi son illərdə zəif olub. Siz bu vəziyyəti necə qiymətləndirirsiniz?
-Mənim fikrimcə, bu artıq açıq faktdır ki, böyük həcmdə vəsaitin daşınmaz əmlaka yönəldilməsi səhv qərar olub. Hesablama Palatasının hesabatında da göstərilir ki, son üç ildə əməliyyatların sayı kəskin azalıb, gəlirlilik aşağı düşüb və investorlar daha ehtiyatlı davranır. Bu o deməkdir ki, bazarda tələbat zəifləyib və risklər artıb. Belə şəraitdə daşınmaz əmlak artıq “təhlükəsiz liman” rolunu oynamır.
-SOFAZ-ın məlumatına əsasən, 2025-ci ilin 9 ayında daşınmaz əmlak subportfeli 1 milyard dollardan çox artıb. Bu artımı müsbət göstərici hesab etmək olarmı?
-Rəqəmlərə diqqətlə baxanda görürük ki, bu artım real gəlirdən yox, əsasən texniki dəyişikliklərdən yaranıb. Hesablama Palatasının məlumatına görə, artımın böyük hissəsi infrastruktura aid investisiyaların başqa portfellərdən daşınmaz əmlaka keçirilməsi, eləcə də valyuta fərqləri hesabına formalaşıb. Yəni bu, bazarın canlanması deyil. Əslində isə 2024-cü ildə bu sahə mənfi – 2,9 faiz gəlirlilik göstərib. Bu da struktur problemlərin davam etdiyini sübut edir.
-Sizcə, alternativ olaraq vəsaitlər hansı sahələrə yönəldilməli idi?
-Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, bu vəsaitlərin bir hissəsi qızıl kimi klassik qoruyucu aktivlərə yönəldilməli idi. Qızıl tarix boyu inflyasiya və geosiyasi risklər zamanı öz dəyərini qoruyub. Digər tərəfdən, texnologiya dövründə rəqəmsal aktivlər – məsələn, bitkoin kimi internet valyutaları da alternativ alət kimi nəzərdən keçirilə bilərdi. Bir çox ölkələr artıq bunu edir. Əlbəttə, risk var, amma daşınmaz əmlakda da bu gün risk az deyil.
-Bu yanlış investisiya qərarlarının sadə vətəndaşlara nə kimi təsiri var?
-Bu çox vacib sualdır. Dövlət fondlarının gəlirliliyi aşağı düşəndə, bunun nəticəsi dolayısı ilə sosial proqramlara, məşğulluğa və əməkhaqqı siyasətinə təsir edir. Pul düzgün idarə olunmayanda, nəticədə vətəndaş üçün yeni iş yerləri azalır, sosial layihələr ləngiyir. Biz həmkarlar birliyi olaraq hesab edirik ki, investisiya qərarları təkcə maliyyə yox, sosial nəticələr prizmasından da qiymətləndirilməlidir.
-Sizcə, bundan sonra hansı addımlar atılmalıdır?
-Hesablama Palatasının hesabatında da vurğulandığı kimi, regional diversifikasiya artırılmalı, risklərdən qorunma mexanizmləri gücləndirilməlidir. Amma ən əsası – şəffaflıq və məsuliyyət olmalıdır. Dövlət vəsaiti ilə edilən hər bir investisiya vətəndaşın gələcəyi deməkdir. Bizim məqsədimiz yalnız rəqəmləri deyil, insanların rifahını qorumaqdır.