Sənədlərə görə, sınaqlar Belqraddakı etirazlardan sonra aparılıb...
Poliqon xəbər verir ki, Politico nəşrinin tanış olduğu hökumət sənədlərinə əsasən, Serbiyanın xüsusi xidmət orqanları Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq çərçivəsində yüksək güclü səs qurğularını — ictimaiyyət arasında “səs silahları” kimi tanınan sistemləri — itlər üzərində sınaqdan keçirib.
Serbiya sənədləri təsdiqləyir ki, ölkənin xüsusi xidmətləri Belqradda keçirilən və iştirakçıların “iflicedici səs partlayışı” kimi təsvir etdikləri hadisə ilə yarımçıq dayandırılan anti-hökumət etirazından təxminən iki həftə sonra güclü səsucaldıcılarla eksperimentlər aparıblar. Həmin etiraz zamanı istifadə edildiyi iddia olunan qurğular uzun məsafəli akustik cihazlar — LRAD (Long Range Acoustic Device) kimi tanınır.
LRAD sistemləri rəsmi olaraq uzun məsafələrdə əlaqə və xəbərdarlıq vasitəsi kimi təqdim olunsa da, yaxın məsafədə tətbiq edildikdə eşitmə pozuntularına səbəb ola bilir. Məlumatlara görə, bu qurğular həmçinin baş ağrısı, başgicəllənmə və ürəkbulanma kimi simptomlar yarada bilər. Serbiya hökuməti isə səs silahlarının etirazçılara qarşı istifadə edildiyini qəti şəkildə təkzib edir.
Etirazlardan təxminən bir ay sonra Serbiyanın kəşfiyyat xidməti BIA Rusiya FSB-sinin sifarişi ilə hazırlanmış hesabatı dərc edib. Hesabatda yüksək səs səviyyəli qurğuların “etirazlar zamanı istifadə edilmədiyi” iddia olunur və kütləvi şəkildə insanların “psixoloji, mənəvi və fiziki təsirə” məruz qalması faktının qeydə alınmadığı nəticəsinə gəlinir.
Politiconun əldə etdiyi sənədlərə görə, heyvanlar üzərində aparılan sınaqlar məhz etirazlardan sonra başladılan araşdırma çərçivəsində həyata keçirilib. Məqsəd etirazçıların təsvir etdiyi simptomların səs silahlarının mümkün təsiri ilə uyğun olub-olmadığını müəyyənləşdirmək idi. Qeyd olunur ki, Serbiya rəsmiləri polis strukturunda bu cür qurğuların mövcudluğunu daha əvvəl etiraf etmişdilər.
Sənədlərə əsasən, etirazlardan təxminən iki həftə sonra Serbiya və Rusiya kəşfiyyat orqanlarının mütəxəssisləri BIA-ya məxsus sınaq poliqonunda itləri toplayaraq “şüalandırıcıların bioloji obyektlərə təsirini” qiymətləndiriblər. Təcrübə üçün itlərin seçilməsi onların “akustik təsirlərə yüksək həssaslığı” ilə əsaslandırılıb.
Testlər zamanı Kaliforniyada yerləşən Genasys şirkətinin istehsalı olan iki LRAD modeli — LRAD 100X MAG-HS və LRAD 450XL — istifadə edilib. Qurğular 200, 150, 100, 50 və 25 metr məsafələrdə sınaqdan keçirilib. Texniki göstəricilərə görə, bu modellər 150 desibelə qədər səs çıxara bilir ki, bu da reaktiv mühərrikin uçuş zamanı yaratdığı səs səviyyəsinə bərabərdir.
Sənədlərdə həmçinin qeyd olunur ki, sınaqlar heyvanlar üzərində eksperimentlər üçün tələb olunan müvafiq icazələr olmadan aparılmış ola bilər. Bu fakt Serbiyada hüquq-müdafiə təşkilələrinin və beynəlxalq qurumların ciddi narahatlığına səbəb olub.
Poliqon.info