"Hazırda bəzi insanlar süni intellekt vasitəsilə demək olar ki, işlərinin mühüm bir hissəsini yerinə yetirirlər. Hətta yaradıcılıqla məşğul olanlar, müəyyən əsərlərin yazılması, kitabların, dərsliklərin, mühazirələrin hazırlanması və ya mahnı bəstələmək kimi işlərin bir çoxunu süni intellekt üzərindən görürlər. Texnologiya imkanları artıq buna imkan verirsə, bu insan üçün faydalıdır. Amma süni intellekti önə qoymaq, insanları arxa plana çəkmək bir qədər riskli və təhlükəli bir məsələdir. Sosial münasibətlərə də təsiri var, çünki insanların əhəmiyyətli qismi texnologiyalardan faydalanmağa yönəlir. Gələcəkdə şəxsi həyata da bunun təsir imkanları arta bilər və istisna deyil ki, münasibətlər robotlar və botlar üzərindən qurulsun. Buna cəhd edənlər də var, məsələn, etimad telefonu və psixoloqla söhbət artıq bir qədər arxa planda həyata keçirilir. Peşəkarların rolu həmişə qalır, amma texnologiyanın modelləşdirilməsi və maksimal səviyyədə texnologiya sisteminə, hesablama sisteminə inteqrasiyası bəzi peşələr və sahələr üçün risklər və məhdudiyyətlər yarada bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, son illərdə texnologiyanın sürətli inkişafı insanların gündəlik həyatına və sosial münasibətlərinə əhəmiyyətli təsir göstərir. Süni intellekt, virtual reallıq, sosial robotlar və digər innovativ texnologiyalar həm iş mühitini, həm təhsil sahəsini, həm də şəxsi ünsiyyəti dəyişdirir. Bu dəyişikliklər cəmiyyətdə sosial davranış modellərinin yenidən formalaşmasına, insan əlaqələrinin yeni qaydalarla tənzimlənməsinə səbəb olur.
Sosioloq qeyd edib ki, süni intellektdən düzgün istifadə edildikdə onun xeyri zərərlərindən daha çoxdur.