AZ

Ağ Ev: İranda planlaşdırılan 800 edam hökmü ləğv edilib...

Vaşinqton Tehrandakı həbslər və etirazçılara qarşı ittihamlarla bağlı ciddi narahatlığını ifadə edib...

Poliqon xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuat üçün keçirdiyi brifinq zamanı İran hakimiyyətinin əvvəlki gün icra olunması nəzərdə tutulan 800 ölüm hökmünü ləğv etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qərar beynəlxalq ictimaiyyətin və insan haqları təşkilatlarının artan təzyiqləri fonunda qəbul olunub.

Ağ Ev rəsmisi vurğulayıb ki, Vaşinqton İranda etirazçılara qarşı ölüm hökmünün tətbiqi ehtimalını ciddi narahatlıqla izləyir və rəsmi Tehranı insan hüquqları üzrə beynəlxalq öhdəliklərə əməl etməyə çağırır. Levittin bildirdiyinə görə, ABŞ-nin administrasiyası məsələni diplomatik kanallar və beynəlxalq platformalar vasitəsilə gündəmdə saxlamaqda davam edəcək.

Hüquq müdafiəçilərinin yaydığı məlumatlara əsasən, ölkə üzrə kütləvi etirazlar fonunda İranda 18 mindən çox şəxs saxlanılıb. Bildirilir ki, həbs olunanların əksəriyyəti dövlət əleyhinə fəaliyyət, iğtişaşların təşkili, milli təhlükəsizliyə təhdid və xarici qüvvələrlə əməkdaşlıq kimi ağır maddələrlə ittiham oluna bilər.

“Azadlıq Radiosu”nun jurnalisti Kian Şarifi “Nastoyaşee Vremya”ya açıqlamasında qeyd edib ki, etirazçılara qarşı irəli sürülə biləcək ittihamlar son dərəcə geniş və sərt xarakter daşıyır. Onun sözlərinə görə, bəzi hallarda bu ittihamlar uzunmüddətli həbs cəzaları və hətta ölüm hökmü ilə nəticələnə bilər.

Müşahidəçilər edamların ləğvini müvəqqəti addım kimi dəyərləndirir və vəziyyətin gedişatının etirazların miqyası, eləcə də beynəlxalq təzyiqlərin davamlılığından asılı olacağını bildirirlər. ABŞ-nin administrasiyası isə İranda saxlanılan şəxslərin taleyinin diqqət mərkəzində saxlanılacağını bəyan edib.

Poliqon.info

Seçilən
72
poliqon.info

1Mənbələr