İranda son vaxtlar baş verən hadisələr ölkənin iqtisadi vəziyyətinə təsir göstərir. Bu proseslər istehsal və daşınma xərclərinin artmasına səbəb ola bilər. Məlumdur ki, Azərbaycan bazarına İrandan xeyli məhsul gətirilir. Bəs bu şəraitdə ölkəmizə gətirilən İran məhsulları bahalaşa bilər? İqtisadçı ekspert Eyyub Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda İranda gedən proseslər təkcə ölkəmizin iqtisadiyyatına və iqtisadi əlaqələrinə deyil, eyni zamanda regiona da ciddi təsirlər göstərəcək: “Azərbaycanın İranla mühüm iqtisadi və logistika əlaqələri mövcuddur. Bildiyiniz kimi, Naxçıvan üzərindən keçən nəqliyyat xətti İran ərazisindən keçir və bu marşrut təkcə Naxçıvanı deyil, eyni zamanda Türkiyəni də əhatə edir. Hazırkı vəziyyət Türkiyə ilə olan ticarət əlaqələrimizə də mənfi təsir göstərə bilər. Çünki bəzi hallarda avtomobillər Naxçıvan ərazisindən keçməklə İran üzərindən Türkiyəyə daxil olurdu və bu istiqamətdə ciddi problemlər yarana bilər. Digər tərəfdən, gələcəkdə İran neftinin dünya bazarına çıxması neftin qiymətinin ucuzlaşmasına səbəb ola bilər ki, bu da qlobal miqyasda təsir göstərən amildir”.
E.Kərimli qeyd edib ki, bu gün İranda baş verən münaqişələr və qeyri-sabitlik İran–Azərbaycan ticarət dövriyyəsinə də mənfi təsir göstərə bilər: “Sərhədlər bağlana bilər, halbuki bəzi ərzaq məhsulları İrandan idxal olunur və bu hal qiymət artımına səbəb ola bilər. İrandan dərman vasitələri, həmçinin kənd təsərrüfatı məhsulları və digər mallar da ölkəmizə gətirilir. Belə ki, 2025-ci ildə İran–Azərbaycan arasında ticarət dövriyyəsi 600 milyon dollara yaxın olub və bunun böyük hissəsi İrandan idxalın payına düşüb. Ərzaq, kənd təsərrüfatı, tikinti və farmasevtik məhsullar əsas idxal kateqoriyalarını təşkil edir. Mövcud münaqişə bu dövriyyənin dayanmasına səbəb ola bilər ki, bu da İran məhsullarının ölkə daxilində qiymət artımına və ümumilikdə bazara təsir göstərməsinə gətirib çıxara bilər”. Sevinc İbrahimzadə / Metbuat.az