Həmkarlarımızın yaydığı məlumata inansaq, komandanın qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi məşqlərin birində baş məşqçi Füzuli Məmmədovla kapitan Araz Abdullayev arasında insident yaşanıb. Nəticədə mütəxəssis ona cavab qaytaran futbolçunu məşqdən qovub. Üstəlik rəhbərliyə Araz haqda ölçü götürülməsi müraciət edib.
Bu barədə Füzuli bəyin mövqeyini öyrənmək istəsək də, onunla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev isə “Football-plus.az”a açıqlamasında bunları dedi:
“Bu iddia həqiqəti əks etdirmir. Komandanın məşq prosesi plana uyğun davam edir. Bütün futbolçular, eləcə də Araz Abdullayev məşqdədi. O, məşqlərin ən fəal oyunçularındandı. Hazırda premyer-liqada qalmaq uğrunda mübarizədən qalib ayrılmaq üçün çalışırıq. Hamı birlikdədi. Hər kəs bəlli hədəfə köklənib”.
Xatırladaq ki, “Karvan-Yevlax” qış fasiləsinə sonuncu – 12-ci pillədə yollanıb.KƏNAN BAHADIR