AZ

Körfəz ölkələri və Türkiyə Trampı xəbərdar edib: İrana zərbələr böyük müharibəyə yol aça bilər

Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və Oman ABŞ prezidenti Donald Trampı İrana qarşı hərbi zərbələr endirməməyə çağırıb. ABŞ-nin Yaxın Şərqdəki əsas müttəfiqlərinin son anda apardığı bu diplomatik kampaniya Vaşinqtonun mümkün hava hücumlarının regionda genişmiqyaslı və nəzarətdən çıxan münaqişəyə səbəb ola biləcəyi narahatlığı ilə əlaqədar olub.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Məlumata görə, bu xəbərdarlıqlar Trampın çərşənbə günü gec saatlarda İrana qarşı hərbi əməliyyatları müvəqqəti dayandırmaq qərarına gəlməsində rol oynayıb. Xüsusilə Səudiyyə Ərəbistanı ABŞ-yə öz hava məkanından istifadə etməyə icazə verməyərək ehtiyatlı mövqe nümayiş etdirib.

Məsələ ilə bağlı diplomatik təmaslar davam edir. Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhan İran, Oman və Türkiyədən olan həmkarları ilə telefon danışığı aparıb.

İran Körfəz ölkələrindən siyasi baxımdan hələ də uzaqdır. Buna səbəb Tehranın “müqavimət oxu” kimi tanınan regional müttəfiqlərinə dəstəyi, Fələstin məsələsində iki dövlətli həllə açıq dəstək verməməsi, eləcə də ABŞ tərəfindən iddia edilən və Körfəz Əməkdaşlıq Şurasının dəstəklədiyi üç ada ilə bağlı mübahisələrdir.

Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi son dövrlər ərəb paytaxtlarına bir sıra səfərlər edərək münasibətləri yumşaltmağa çalışır. O, ötən il Bəhreynə səfər edib. Bu, 2010-cu ildən bəri İran XİN rəhbərinin ilk səfəri olub. Əraqçi eyni zamanda Qahirəyə də bir neçə dəfə gedərək 2016-cı ildə kəsilmiş diplomatik əlaqələrin bərpası istiqamətində addımlar atıb.

Bir vaxtlar Yaxın Şərqdə ən gərgin münasibətlərdən biri sayılan Səudiyyə Ərəbistanı–İran əlaqələri artıq üç ildir ki, bərpa mərhələsindədir. Körfəz ölkələri isə İranın Fars körfəzində dəniz nəqliyyatına ciddi zərər vurmaq potensialından yaxşı xəbərdardır.

ABŞ-nin Qətərdə yerləşən və regiondakı ən böyük hərbi obyekti sayılan "Al Udeid Air Base"də gərginliyin artması fonunda Vaşinqton əsas heyətin bir hissəsini bazadan çıxarıb. Bu addım Tehran tərəfindən ABŞ bazalarına zərbə endirilə biləcəyi ilə bağlı açıq hədələrdən sonra atılıb.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, regiondakı daxili və xarici çağırışlar tərəfləri danışıqlar masasına qayıtmağa məcbur edir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə dialoqa çağırış edərək qeyd edib ki, ABŞ və İran bu məsələni vasitəçilər və ya birbaşa danışıqlar yolu ilə həll etməlidir.

Seçilən
100
49
teleqraf.com

10Mənbələr