AZ

Bakıda qadın evə gec gələn ərinə irad bildirdiyinə görə döyüldü - QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İsgəndər Həmidzadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Qeyd: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin faktiki hallarına görə, İsgəndər Həmidzadə 8 noyabr 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı mənzildə həyat yoldaşı, zərərçəkmiş Zəranə Həmidzadəyə (adı, soyadı şərtidir) qarşı zorakılıq törədib. Belə ki, kişi evə gec gəlib, qadın isə bununla bağlı ona irad bildirib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Sonra İsgəndər Zəranəni qəsdən yumruq və təpiklə bir neçə dəfə vurub. Nəticədə zərərçəkmiş şəxsin sağ göz almasının ağlı qişasında qansızma, sol göz orbitində, hər iki bazuda, hər iki sağrı nahiyəsində, sol bud və sağ diz nahiyəsində qançırlar yaranıb. Bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.


Xəzər Rayon Məhkəməsinin hökmü ilə İsgəndər Həmidzadə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin etməyib. Qeyd olunan qərarından İsgəndər Həmidzadənin müdafiəçisi tərəfindən kassasiya şikayəti verilib.


Kamal Məmmədov 



Tarix: 16 Yanvar 2026, 08:42   
Seçilən
148
2
pravda.az

3Mənbələr