AZ

Zakaryandan Zəngəzur açıqlaması: Yenə Bakı qazandı

BAKI, 16 yanvar. TELEQRAF

“Tramp Marşrutu” (və ya Zəngəzur dəhlizi) üzrə ABŞ və Ermənistan arasında əldə edilmiş razılaşma Ermənistanın təhlükəsizliyinə heç bir təsiri yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyob.

O hesab edir ki, “Tramp Marşrutu” ABŞ-nin iqtisadi maraqlarını əks etdirir:

“Vaşinqton bəyanatı heç bir hüquqi öhdəlik nəzərdə tutmur, heç bir yerdə ABŞ-nin Ermənistanın təhlükəsizliyinin qarantı rolunu öz üzərinə götürdüyü deyilmir, amerikalıların regionda eskalasiya cəhdlərinə qarşı çıxacağına dair bənd də yoxdur. Bəli, sülhlə bağlı bəzi müddəalar var, amma bütün sənəd tərəflərin niyyətləri ilə bağlıdır”.

Zakaryanın sözlərinə görə, layihənin mahiyyəti ondan ibarətdir ki, ABŞ şirkəti üçüncü operatordan istifadə edərək yüklərin Ermənistan ərazisindən tranzitini asanlaşdıracaq. O qeyd edib ki, gəlirin əsas hissəsi Sünikdə (Qərbi Zəngəzur) həyata keçirilən biznes layihələrindən, o cümlədən otellər, yanacaqdoldurma məntəqələri, yol və dəmir yolu infrastrukturundan əldə ediləcək. Ermənistan mənfəətin yalnız 26 faizini alacaq, qalanı ABŞ-yə gedəcək.

Zakaryan əlavə edib ki, nəticədə, Türkiyə və Azərbaycan birbaşa quru əlaqəsi, yeni kommunikasiya imkanları qazanır, Ermənistan isə müqayisə edilə bilən nəqliyyat üstünlüyü əldə etmir.

Müdafiə nazirinin keçmiş müavini əlavə edib ki, sənəddə Ermənistan yüklərinin Azərbaycana və ya Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə çatdırılması mexanizmləri ilə bağlı müddəalar yoxdur:

“Ermənistan ərazisindən yükdaşımaların nə qədər İrəvanın nəzarəti altında olacağı və bütün bu prosesin Ermənistan qanunlarına nə dərəcədə tabe olacağı ilə bağlı çox ciddi suallarım var”.

Seçilən
28
teleqraf.com

1Mənbələr