AZ

Öncə maaşı yarıbayarı verməyə razılaşdılar, sonra da… İcarəni bu cür rəsmiləşdirdilər

Azərbaycan millisinin futbolçusu Emil Mustafayevin karyerasını “Sumqayıt”da davam etdirəcəyindən xəbərdarsız.

Sözügedən klub mövsümün ikinci yarısı üçün ilk keçidi reallaşdırıb.

“Sumqayıt” müqavilə ilə “Polisye”yə məxsus yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb.

“Aleksandriya”nın yetirməsi karyerası boyunca “Çernomorets” və “Polisye”nin uğurları üçün çalışıb. 24 yaşlı yarımmüdafiəçi U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.

Emilin qarşıdakı aylar ərzində nə qədər pul qazanacağı bizə məlumdur. ”Kimyaçılar” ona hər ay 7000 dollar əməkhaqqı ödəyəcək.

Halbuki ”Polisye” ilə əvvəlki anlaşmaya görə, bu məbləğin yalnız yarısı ”gənclik şəhəri” təmsilçisi tərəfindən qarşılanmalı idi.

Di gəl, Ukrayna təmsilçisi maliyyə çətinliyi ilə üzləşməsini əsas gətirərək, maaş yükünü tamamilə ”Sumqayıt”lıların üzərinə qoyub.

Tərəflər arasında razılaşmaya görə, o, növbəti sezonu da ölkəmizdə keçirə bilər. “Gənclik şəhəri“ təmsilçisi Mustafayevi birdəfəlik transfer etmək hüququna yiyələnib.

“Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər qüvvədə olan yığmamızın üzvü üçün həmin vaxt təzminat ödəmək lazım gələcək.

“Sumqayıt“ hələ ötən ilin yayında Emillə ön müqavilə imzalayıb. Lakin o zaman bu keçid baş tutmadı. Səbəb isə Rusiya ilə müharibə üzündən Ukraynanı tərk edə bilməməsi idi.

“Polessye” qış toplanışı üçün Türkiyəyə gəlib. O da bu fürsətdən yararlanaraq, “Sumqayıt”ın düşərgəsinə təşrif buyurub. Belədə 6 ay qabaq imzalanmış kontrakt məhz indi qüvvəyə minib.

SPORTİNFO.AZ

Seçilən
13
sportinfo.az

1Mənbələr