Çinin Northwest A&F University universitetinin alimləri müəyyən ediblər ki, qoz peptidləri ilə teaninin birgə qəbulu xroniki stress yaşayan insanlarda yuxunun keyfiyyətini yaxşılaşdıra bilər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri Food & Function elmi jurnalında dərc olunub.
Araşdırma bir neçə mərhələdə və müxtəlif modellər üzərində aparılıb – zebra balıqları, laboratoriya siçanları və insanlar üzərində testlər həyata keçirilib. Heyvanlar üzərində aparılan təcrübələr zamanı qoz əsaslı əlavənin yuxu strukturunu bərpa etdiyi, dərin yavaş yuxunun payını artırdığı və stress hormonu olan kortikosteronun səviyyəsini azaltdığı müşahidə olunub.
Alimlər həmçinin sinir sisteminin rahatlamasında və melatoninin sintezində mühüm rol oynayan GABA və triptofanın səviyyəsinin artdığını qeydə alıblar. Bu isə təsirin təkcə hormonal deyil, eyni zamanda neyrokimyəvi mexanizmlərlə əlaqəli olduğunu göstərir.
Müsbət nəticələr klinik sınaqlarda da təsdiqlənib. Yuxu pozuntuları olan böyüklərin iştirakı ilə aparılan səkkiz həftəlik plasebo-nəzarətli tədqiqatda qoz peptidləri və teaninin qəbulu gecə yuxusunun müddətini artırıb və PSQI şkalası üzrə yuxunun subyektiv keyfiyyətini yaxşılaşdırıb.
Tədqiqat müəllifləri bildirirlər ki, bu kombinasiyanın xroniki stress fonunda yuxunun dəstəklənməsi üçün perspektivli vasitə ola biləcəyini göstərir. Bununla belə, yekun nəticələr üçün daha genişmiqyaslı klinik araşdırmalara ehtiyac var.
Nuriyyə NATİQQIZI