Çinli alimlər müəyyən ediblər ki, uşaqlarda smartfon və planşetlərə ayrılan vaxtın valideynlərlə birgə kitab oxuma ilə əvəz edilməsi dil və sosial-emosional bacarıqların inkişafına müsbət təsir göstərir.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Computers in Human Behavior" jurnalında dərc olunub.
Tədqiqat müəllifləri bildirirlər ki, müasir ailələrdə ekranlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin gün 24 saatla məhdud olduğundan, ekrana sərf olunan vaxt oxu, oyun və canlı ünsiyyət kimi inkişafedici fəaliyyətləri sıxışdırır. Araşdırma məhz bu “əvəzləmə effekti”ni araşdırmağa yönəlib.
Şimal-Qərb Pedaqoji Universitetindən Şifen Linin rəhbərlik etdiyi tədqiqatda Çinin Lanço şəhərində yaşayan 3-6 yaşlı 202 bağça uşağı və onların valideynləri iştirak edib. Valideynlər uşaqların gün ərzində ekrana baxmağa, birgə oxuya və oyunlara nə qədər vaxt ayırdıqlarını qeydə alıblar.
Ekran vaxtı tədris və əyləncə məzmunu üzrə, həmçinin tək və valideynlə birgə baxış formalarına bölünüb. Uşaqların inkişaf səviyyəsi isə fonoloji və orfoqrafik biliklər, obyektlərin adlandırılma sürəti, eləcə də emosiyaların və sosial normaların qavranılması üzrə testlərlə qiymətləndirilib.
Statistik analiz göstərib ki, valideynlərlə birgə oxu uşaqlar üçün ən faydalı fəaliyyət olub. Bu uşaqlarda dil bacarıqları və sosial-emosional kompetensiya daha yüksək qeydə alınıb. Əksinə, ekran vaxtının artması bu göstəricilərin zəifləməsi ilə əlaqələndirilib.
Alimlər hesab edirlər ki, əsas fərq qarşılıqlı ünsiyyətdədir. Kitab oxuma zamanı dialoq, sual-cavab və obrazların emosiyalarının müzakirəsi mümkün olur. Rəqəmsal cihazlar isə əksər hallarda böyüklərin iştirakını azaldır.
Nuriyyə NATİQQIZI