İranın Türkiyə ərazisində yerləşən ABŞ hərbi obyektlərini hədəf ala biləcəyi ilə bağlı açıqlamaları Türkiyə mediasında geniş müzakirələrə səbəb olub və ölkə gündəminin əsas mövzularından birinə çevrilib.
NOCOMMENT.az xəbər verir ki məlumatlara görə, xüsusilə Adana vilayətində yerləşən İncirlik Hava Bazası və Malatya vilayətindəki Kürecik radar bazası mümkün hədəflər sırasında göstərilir. Hər iki obyektin ABŞ və NATO üçün strateji əhəmiyyət daşıması məsələyə həssaslıq qatır.
İran rəsmilərinin son açıqlamalarında Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ərazisində yerləşən ABŞ hərbi bazaları “legitim hədəf” kimi təqdim olunub. Bu bəyanatlar Vaşinqton–Tehran gərginliyinin artdığı bir dövrdə regionda təhlükəsizlik risklərini daha da gündəmə gətirib.
Türkiyə mediasının yazdığına görə, İran ABŞ tərəfindən hər hansı hərbi hücum baş verəcəyi təqdirdə bölgədəki Amerika hərbi obyektlərinə cavab zərbələri endirilə biləcəyi barədə xəbərdarlıq edib. Bu kontekstdə İncirlik Hava Bazası ilə yanaşı, NATO-nun raketdən müdafiə sisteminin əsas elementlərindən biri hesab edilən Kürecik radar bazasının adının çəkilməsi təhlükəsizlik narahatlıqlarını artırıb.
Qeyd olunur ki, Ankara rəsmi səviyyədə məsələ ilə bağlı hələlik açıqlama verməsə də, regionda artan gərginlik Türkiyənin təhlükəsizlik gündəmində bu mövzunun ön sıralarda yer almasına səbəb olub. ABŞ–İran qarşıdurmasının mümkün nəticələri fonunda Türkiyədə yerləşən hərbi obyektlərin taleyi diqqətlə izlənilir.
Aliyə