64 saylı Salyan seçki dairəsinin deputatı Sadiq Qurbanov Salyan rayonu ərazisinin əksər küçələrində uzun müddətdir, qazıntı işlərinin aparılması, yolların avtomobillər üçün əlverişsiz olması barədə şikayətlərə münasibət bildirib.
Deputat Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Salyan Su və Kanalizasiya Şəbəkəsinin Yenidən Qurulması Layihəsi” üzrə müqavilə 21 sentyabr 2025-ci il tarixində bağlanıb.
S.Qurbanovun sözlərinə görə, müqavilənin ümumi icra müddəti 5 il nəzərdə tutulsa da, mövcud müqavilə üzrə işlərin bitmə tarixi 30 dekabr 2026-cı il olaraq müəyyən edilib: “Hazırkı mərhələdə layihə çərçivəsində ümumi daşıyıcı xətlərin, təxminən, 72 faizi icra olunub. Bununla yanaşı, görülmüş işlərin, təqribən, 50 faizi üzrə asfalt örtüyünün bərpası işləri də tamamlanıb. Layihə üzrə işlərin icrası plan-qrafikə uyğun olaraq davam etdirilir. Layihə dövlət büdcəsi hesabına maliyyələşdirildiyindən işlər mərhələli şəkildə həyata keçirilir və maliyyələşmənin vaxtında təmin olunması icra tempinə birbaşa təsir göstərir. Buna baxmayaraq, mövcud şəraitdə layihənin icrası üzrə əsas hədəflərə uyğun irəliləyiş müşahidə olunur və növbəti mərhələlər üzrə işlərin davam etdirilməsi planlaşdırılır”.
Aytəkin Qardaşova