ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi hücumu dərhal həyata keçirməkdə tələsmir.
NOCOMMENT.az xəbər verir ki, “Wall Street Journal”ı Trampın hücumun daha detallı planlaşdırılması və regionda lazımi hərbi gücün toplanması üçün vaxt qazanmağa çalışdığını yazır.
Nəşrin məlumatına görə, Vaşinqton həm zərbə endirmək, həm də Tehranın mümkün cavab addımlarına qarşı ABŞ hərbçilərini və müttəfiqlərini qorumaq üçün əlavə hərbi imkanlara ehtiyac duyur.
Eyni zamanda, Axios nəşrinin müxbiri Barak Ravid mənbələrə istinadən bildirir ki, Tramp İrana qarşı zərbələrlə bağlı qərarı Ağ Ev daxilində və müttəfiqlərlə əlavə məsləhətləşmələr aparmaq məqsədilə də təxirə salır.
Amerikalı, israilli və ərəb mənbələrinin verdiyi məlumata əsasən, hazırda iki əsas məsələ müzakirə olunur: mümkün hərbi əməliyyatın vaxtı və zərbənin İran rejiminin destabilizasiyasına gətirib çıxarma ehtimalı.
Bu arada ABŞ hərbi qüvvələrinin regiona doğru hərəkəti artıq başlayıb.
“Fox News” xəbər verir ki, ən azı bir ABŞ aviadaşıyıcısı Yaxın Şərq istiqamətində hərəkət edir. Mənbələrin bildirdiyinə görə, yaxın günlər və həftələr ərzində ABŞ-nin hava, quru və dəniz qüvvələrinin regiona göndərilməsi gözlənilir. Məqsəd prezidentə İrana qarşı hərbi zərbə qərarı verəcəyi təqdirdə alternativ hərbi variantlar təqdim etməkdir.
Gərginliyin artdığı bir vaxtda bu hərəkətlər Vaşinqtonun İrana qarşı mümkün hərbi ssenarilərə ciddi şəkildə hazırlaşdığını göstərir.
Sara