Bundestaqın Sosial-Demokrat Partiyasından olan deputatı Ralf Şteqner Handelsblatt-a bildirib ki, ABŞ-ın "xaotik siyasəti" və silahlara nəzarət sazişlərinin qüvvədən düşməsi nüvə silahlarının artırılmasına bəhanə olmamalıdır. Onun fikrincə, Almaniyanın Avropa nüvə qalxanı layihəsində dolayı yolla belə iştirakı - istər silahların ölkə ərazisində yerləşdirilməsi, istərsə də maliyyələşdirmə - Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə və Almaniyanın birləşməsinə imkan verən "İki üstəgəl dörd" sazişinə ziddir.
Xristian-Sosial İttifaqdan olan deputat Aleksandr Hoffmann isə hesab edir ki, Almaniya və Avropa bütün sahələrdə çəkindirmə və müdafiə qabiliyyətinə malik olmalıdır. Onun sözlərinə görə, bu müzakirələrdə "qadağan olunmuş mövzular olmamalıdır".
Kiel Universitetinin Təhlükəsizlik Siyasəti İnstitutunun keçmiş direktoru Yohannes Krauze də Avropanın öz nüvə qalxanı barədə düşünməsinin vacibliyini qəbul etsə də, tam müstəqil Avropa nüvə qüvvələrinin yaradılmasını real saymır. O, alternativ olaraq Böyük Britaniya və Fransanın Avropada nüvə çəkindirmə məsuliyyətinin bir hissəsini ABŞ-dan üzərinə götürməsini, arsenallarını həm kəmiyyət, həm də keyfiyyət baxımından genişləndirməsini təklif edir. Krauzeyə görə, Almaniya bu prosesləri maliyyələşdirə və bunun müqabilində nüvə qərarlarının qəbulunda söz haqqı əldə edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31