AZ

"Qərbi Azərbaycana qayıdış həm hüquq, həm də borcumuzdur" - Əfqan Vəliyev

"Cənab prezidentin Akademiyanın 80 illiyindəki çıxışı da göstərdi ki, Qərbi Azərbaycan əsas tədqiqat sahələrindən biri olmalıdır. Bu, oraya sülhlə qayıdıb ulu baba və babalarımızın sönmüş ocaqlarını yenidən alovlandırmaq üçün vacibdir. Layihənin əsas məqsədi tarixi dövrlərdəki saxtalaşdırmalar, mənimsəmələr və təhrifləri elmi əsaslarla mənbələrlə aydınlaşdırmaq olub".

Redaktor.az xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, tarixçi Əfqan Vəliyev i "Tarixi Yurda Qayıdış" konfransında bildirdi.

"Qərbi Azərbaycanın tarixi dövrü və burada yaşayan tayfalar abidələr vasitəsilə göstərilib. Osmanlı, Gürcüstan və İran arxivlərindən, mufəssəl dəftərlərdən və digər mənbələrdən istifadə edərək, Qərbi Azərbaycanın əsas əzəli sakinləri hunlar, kimmerlər, zəngilər və onların ərazidəki strukturu, idarəçiliyi və yaşayışı təsdiqlənib. İrəvan xanlığı həm xanlıq, həm də legitim hüquqi dövlət olaraq ordusu və idarəçiliyi ilə tanınıb. O dövrdə digər dövlətlər tərəfindən tanınan və diplomatik əlaqələr saxlayan bu xanlıq, müstəqil şəkildə öz ordusunu gücləndirərək ərazini müdafiə edib. Qacarların tərkibinə daxil olmayıb, yalnız müəyyən müddət vergi ödəyib. Tarixi sənədlər göstərir ki, İrəvan qalası saysız hücumlara baxmayaraq, xalq və əsgərlər tərəfindən qorunub, Azərbaycanın və İrəvan xanlığı bayraqları enməyib. Xanlıq dövründə baş verən çar siyasəti və işğal nəticəsində azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilib, ərazidə erməni vilayəti qurulub. Biz tədqiqatlarımızda həm İrəvan xanlığının, həm də tayfalar dövründə Qərbi Azərbaycandakı türk və Azərbaycan mədəniyyətini, elmi, təhsil və ictimai həyatını göstərmişik.

Bu tədqiqatlarda abidələr, naxışlar, sənədlər milli kimliyin, sosial və mədəni irsin daşıyıcısı kimi təqdim olunub. Məqsədimiz tarixi, siyasi, sosial və mədəni həqiqətləri, eləcə də deportasiyanın siyasi, sosial və psixoloji təsirlərini göstərmək olub. Xaricdən, İngiltərədən mənə e-mail gəlib ki, Qərbi Azərbaycandan deportasiyanın siyasi və sosial təsirləri mövzusunda beynəlxalq konfransda çıxışımı izləyiblər və əməkdaşlıq etmək istəyirlər. Bu, hüquqi və elmi baxımdan önəmli məsələdir və dünya bu işlərə diqqət göstərəcək. Mən özüm Qərbi Azərbaycanlıyam, Basarkeçər rayonunun Səlim-Ağac kəndində anadan olmuşam. Uşaq vaxtı dolaşdığım abidələrin tarixini bu gün yazıram və onları əbədiləşdirməyə çalışıram. Ən böyük borcum və öhdəliyim yurduma qayıtmaqdır və ilk qayıdanlardan biri olmaq niyyətindəyəm. İnşallah Qərbi Azərbaycanda görüşərik".

Nuriyyə NATİQQIZI

Seçilən
149
1
redaktor.az

2Mənbələr