AZ

"Azərbaycan sülh tərəfdarıdır,amma tarixi hadisələr də unudulmamalıdır" -

"Azərbaycan xalqının tarixi yaddaşının qorunması və milli həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Tarixi faktların sənədlər və mənbələr əsasında təqdim olunması, xüsusilə də işğal və saxtalaşdırma cəhdlərinə qarşı elmi və mədəni mübarizə baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, son illər həyata keçirilən layihələr milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi rol oynayır".Bu fikirləri Ceyhun Məmmədov yanvarın 16-da "Sosial Tədqiqatlar Mərkəzi"nin təşkilatçılığı ilə “Tarixi Yurda Qayıdış” konfransı çərçivəsində QHT Agentliyinin maddi dəstəyi ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) tərəfindən “Əzəli yurd” layihəsi əsasında hazırlanan “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimində çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, xalqlar tarixi unutduqda özünü doğruldur və tarixi unudan xalqlar gec-tez bunun ağır nəticələri ilə üzləşirlər:"Azərbaycan tarix boyu torpaqlarına düşmən gözü ilə baxılan xalqlardan olub və xüsusilə Ermənistanın və onun havadarlarının əsas məqsədi ölkəmizi işğal etməkdən ibarət olub. Lakin ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və Prezident İlham Əliyevin bu kursu qətiyyətlə davam etdirməsi həmin niyyətlərin reallaşmasına imkan verməyib."Azərbaycan sülh tərəfdarıdır, lakin keçmiş hadisələrin təkrarlanma riskini də nəzərə almaq lazımdır. Onun sözlərinə görə, bu gün Azərbaycanın qarşısında mühüm imkanlar var və əsas vəzifə milli həqiqətləri dünya ictimaiyyətinə sistemli şəkildə çatdırmaqdır. Torpaqlar işğaldan azad edildikdən sonra beynəlxalq müstəvidə yanaşmaların da dəyişdiyi açıq şəkildə görünür".Çıxışında şəxsi təcrübəsinə də toxunan Ceyhun Məmmədov 2014-cü ildə İtaliyada keçirilən multikulturalizm konfransında bəzi xarici alimlərin Qarabağla bağlı yanlış və birtərəfli mövqedə olduqlarını xatırladıb. Onun sözlərinə görə, bu yanaşmalar illər boyu formalaşdırılmış saxta təsəvvürlərin nəticəsi idi. Lakin bu gün artıq bütün dünya Azərbaycanın Qarabağa qayıtdığını görür.Millət vəkili qeyd edib ki, müzakirələr nə qədər vacib olsa da, əsas hədəf real nəticələrdir: "Bu isə kitabların yazılması, filmlərin çəkilməsi və xüsusilə xarici dillərdə elmi və tarixi əsərlərin nəşri ilə mümkündür. Erməni tərəfi illərdir yüzlərlə saxta kitab və uydurma iddialar çap etdirib. Azərbaycan da bu sahədə sistemli şəkildə fəaliyyətini daha da gücləndirməlidir".

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
116
1
metbuat.az

2Mənbələr