AZ

Texniki kartofdan istifadə zərərlidir - XƏBƏRDARLIQ

Son zamanlar ölkəyə gətirilən kartofun qida üçün nəzərdə tutulmayan, texniki kartofun bazara çıxarılması ilə bağlı bir sıra iddialar səsləndirilir.

 

Pravda.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov deyib ki, laborator müayinə olmadan, analizlər aparılmadan, tərkibi öyrənilmədən bunlar haqqında danışmaq doğru deyil.

Onun sözlərinə görə, texniki kartof qida deyil, qida məqsədilə bazarlarda satıla bilməz: “Texniki kartofdan texniki məqsədlər üçün, sənaye xammalı kimi, heyvan yemlərində istifadə edilə bilər. Burada da müəyyən məsələlərə əməl olunmalıdır. Bu kartof qida standartlarına uyğunlaşdırılmır. Çünki bu kartofda kimyəvi maddələrin yükü həddindən artıq çoxdur. Yetişdirilməsində isə normadan çox, yüksək miqdarda gübrələrdən, pestisidlər, herbisidlərdən istifadə edilir. Tərkibində elə maddələr olur ki, saxlama şəraitindən asılı olaraq tərkibdə müxtəlif dəyişikliklər yaranır. Bu zəhərli sayıla bilər. Saxlanılan anbarlar belə fərqli olmalıdır. Qida üçün nəzərdə tutulmayan anbarlarda saxlanılmalıdır. Rütubətlilik, temperatur kimi nüanslar nəzərə alınmır”.

 

İ.Şirinov qeyd edib ki, belə kartoflar həqiqətən satışa çıxarılırsa, bunların üzərində mütləq texniki məqsədlər üçün istifadə olunma məsələsi qeyd edilməlidir: “Əgər birbaşa satışa çıxarılırsa bu istehlakçıların birbaşa sağlamlığını risk altına atır. Həmçinin qida təhlükəsizliyi qanunvericiliyinə birbaşa ziddir. Bu cür kartoflarda bişdikdən sonra acı dad olur. Ola bilər ki, insanlar bu cür dadlarla dəfələrlə üzləşiblər ki, artıq texniki kartofun satışına şübhə edirlər. Vətəndaşlar laborator nəticələrdən sonra dəqiq məlumat əldə edə bilərlər”.

 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu növ kartofların qida kimi istifadəsi nəzərdə tutulmadığından sağlamlıq tərəfdən bir sıra məqamlar nəzərə alınmaya bilər:

Mütəxəssis

“Ümumiyyətlə, qida məhsullarını alarkən mütləq şəkildə keyfiyyətli, mənşəyi bəlli olan, etibarlı satış nöqtələrindən almaq lazımdır. Azad bazar iqtisadiyyatının inkişafına dəstək məqsədilə bir çox insanlara məhsul satışı üçün şərait yaradılsa da, bəziləri insan sağlamlığını deyil, şəxsi maraqlarını üstün tutaraq keyfiyyətsiz və qida üçün yararsız məhsulları satışa çıxara bilirlər. Texniki kartoflar müəyyən istehsal prosesi üçün yetişdirilir. Belə kartofları istehlak edən insanlarda ağır metallarla zəhərlənmə, pestisid qalıqlarının orqanizmdə yığılması riski yarana bilər. Məhsuldarlığı artırmaq və tez yetişdirmək məqsədilə istifadə olunan nitratların miqdarı normadan artıq olduqda isə bu, qısa müddətdə ciddi fəsadlar verməsə də, davamlı qəbul zamanı daxili orqanların, xüsusilə qaraciyər və böyrəklərin funksiyasının pozulmasına və zədələnməsinə səbəb ola bilər”.

 

M.Hüseynova onu da əlavə edib ki, texniki kartofu adi kartofdan seçmək çətindir: “Əgər kartof həddindən artıq iri, forması pozulmuş, səliqəli yumru deyilsə, üzərində şişkinliklər və çıxıntılar varsa, qabığı çox kobud, sərt və qalındırsa, eləcə də qabığın altında yaşıl rəng müşahidə olunursa, bu, zəhərli solanin maddəsinin göstəricisi ola bilər. Belə kartofların alınması tövsiyə edilmir. İstehlakdan sonra ürəkbulanma, başgicəllənmə, ağızda acı dad və ya digər xoşagəlməz hallar müşahidə edilərsə, həkimə müraciət olunmalıdır. Yaşıllaşmamış və cücərməmiş kartoflara üstünlük verilməli, ev şəraitində isə kartof günəş şüaları düşməyən, sərin və qaranlıq yerdə saxlanılmalıdır. Digər meyvə və tərəvəzlərlə eyni yerdə saxlanması məqsədəuyğun deyil, çünki tərkibindəki maddələr səbəbindən məhsulların daha tez yetişməsinə və xarab olmasına səbəb ola bilər. Bu baxımdan kartofun ayrıca saxlanılması tövsiyə olunur”.

 

Terapevt Arzu Musayevanın sözlərinə görə, belə kartofların tərkibindəki maddələr toksiki təsirə malikdir:

“Müxtəlif iltihabın, xəstəliklərin inkişafına səbəb ola bilər. Tərkibi, kimyəvi maddələrlə, normadan çox gübrələrlə zəngindir. Həmin məhsul heyvana belə verilməli deyil. İnsan yeyə bilmirsə, heyvan da yeməməlidir. Çünki heyvan yeyir, onlardan da bizə keçir. Çünki tərkibində olan həmin maddələr atılmır, dərisində, toxumasında qalır və yediyimiz zaman da bizə keçir. Bütün orqanizm üçün toksiki təsir göstərə bilər. Bədəndə toplanaraq toxumalara və hüceyrələrə zərər verə bilər və müxtəlif iltihabi proseslərin inkişafına təsir göstərə bilər. Konkret xəstəlik adı göstərmək mümkün deyil, çünki təsiri ümumi və zəhərli xarakter daşıyır. Eyni maddələr digər məhsullarda da mövcud ola bilər ki, bu da oxşar toksiki təsir yarada bilər”.

 

Şəhanə Quliyeva

Tarix: 16 Yanvar 2026, 14:32   
Seçilən
139
pravda.az

1Mənbələr