Bakı, 16 yanvar, AZƏRTAC
Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Kimyəvi proseslərin optimallaşdırılması və riyazi modelləşdirilməsi laboratoriyasının müdiri texnika elmləri doktoru, dosent Zaur Ağamalıyev AZƏRTAC-a müsahibəsində süni intellektin (Sİ) neft-kimya sahəsində tətbiqi imkanlarından danışıb.
– Süni intellekt neft-kimya proseslərində hansı problemlərin həllində tətbiq olunur?
Ümumilikdə kimya sahəsində süni intellekt tətbiqlərinin əsasını maşın öyrənməsi modelləri təşkil edir. Bu modellər məlumatın quruluşu, etiketlənməsi və məqsəd funksiyasına görə fərqlənir.
Neft-kimya proseslərində katalizator seçimi ən vacib mərhələlərdən biridir. Reaksiyanın səmərəliliyi katalizatorun aktiv mərkəzlərinin təbiəti və reaksiya mühitinə uyğunluğu ilə müəyyən olunur. Ənənəvi yanaşmalarda bu seçim uzunmüddətli və yüksək xərc tələb edən təcrübə sınaqlarına əsaslanır. Süni intellekt isə katalizatorların təsir mexanizmini geniş məlumat bazasında müqayisəli şəkildə öyrənməyə imkan verir. Reaksiyanın enerji istiqamətinin modelləşdirilməsi və aktiv mərkəzlərin xüsusiyyətlərinin proqnozlaşdırılması maşın öyrənməsi metodları ilə daha sistemli şəkildə həll olunur. Nəticədə daha ucuz və davamlı katalizatorların seçilməsi, eləcə də katalizatorun deaktivasiya riskinin (zəhərlənmə, kokslaşma) əvvəlcədən aşkarlanması mümkün olur ki, bu da proseslərin iqtisadi səmərəliliyini artırır.
– Süni intellekt neft emalı proseslərində enerji sərfiyyatının azaldılmasına necə kömək edir?
Son illərdə süni intellektin tətbiqi ilə neft emalı proseslərində enerji səmərəliliyində nəzərəçarpacaq irəliləyiş əldə edilib. Sİ modelləri reaktorların optimal işləmə nöqtələrini davamlı müəyyənləşdirdiyindən yanacaq sərfi və istilik itkiləri azalır. Məsələn, sadə anomaliya aşkarlama modelləri reaktorda temperatur fərqlərini və təzyiq itkilərini izləyərək istilik dəyişdiricisinin səmərəliliyinin azalmasını öncədən xəbər verir. Eyni zamanda, sistem yaxın 24-48 saat üçün buxar tələbatını proqnozlaşdırır və qazanların lazımsız yüksək rejimdə işləməsinin qarşısını alır. Bu isə enerji sərfinə ciddi qənaət deməkdir.
Süni intellektin ən mühüm töhfələrindən biri də təhlükəsizlik sahəsindədir. Prosesin normal davranışından yayınmalar - axın qeyri-sabitlikləri, temperatur artımındakı anomal nöqtələr və məhsul paylanmasındakı gözlənilməz dəyişikliklər Sİ tərəfindən operativ şəkildə aşkarlanır. Bu yanaşma həm istehsal heyəti üçün daha təhlükəsiz iş mühiti yaradır, həm də yüksək riskli proses hadisələrinin qarşısını alır.