Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan uzun illərdir ki, Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi rol oynayır və bu rol Trans-Adriatik Boru Kəmərinin (TAP) işə düşməsindən sonra daha da artdı. Nəticə etibarı ilə Azərbaycan bütün Avropada daha etibarlı tərəfdaş olaraq qəbul edildi. Azərbaycanın Almaniya və Avstriyaya qaz nəql etməsi isə onun Avropadakı tərəfdaşlıq coğrafiyasını daha da genişlətdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, Şərqi Avropa ölkələri ilə müqayisədə Almaniya və Avstriya Avropa İttifaqı daxilində həm siyasi, həm də iqtisadi mənada daha yüksək çəkiyə malikdirlər.
“Məhz bu baxımdan bu addım ölkəmiz üçün təkcə iqtisadi dividend qazandırmır, eyni zamanda, siyasi dividend qazandıraraq strateji tərəfdaşlığını Avropada bir qədər də yüksəldir”,- deyə o qeyd edib.
E.Əmirov əlavə edib ki, bu gün Azərbaycanın 2,6 trilyon kubmetrlik qaz ehtiyatı imkan verir ki, qarşıdakı illərdə də Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz rolunu sistemli şəkildə gücləndirsin: “Burada vacib bir məqam da ondan ibarətdir ki, Azərbaycan zaman-zaman heç bir ölkəyə qarşı öz enerji resurslarından siyasi təsir aləti kimi istifadə etməyib. Azərbaycanı strateji tərəfdaşa çevirən ən böyük faktor da məhz budur. Ölkənin sözünə, vədinə xilaf çıxmaması, doğru və ədalətli, beynəlxalq hüquqa hörmət edən bir dövlət olaraq çıxış etməsi Azərbaycanın nüfuzunu daha da artırıb”.