AZ

İran terrorçuları ölkəyə yığdı – Azərbaycan üçün TƏHDİD?

İran rejimi Yaxın Şərqdə maliyyələşdirdiyi proksi qüvvələri ölkəyə gətirib.

Son günlər sosial şəbəkələrdə və bir sıra xarici media resurslarında İranın müxtəlif şəhərlərində həmin silahlıların hərbi avtomobillərlə küçələrdə hərəkət etdiyini əks etdirən görüntülər yayılıb.

Paylaşılan videolarda pikap və zirehli nəqliyyat vasitələrinin üzərinə pulemyot quraşdırıldığı, avtomobillərdə avtomatik silahlarla təchiz olunmuş yaraqlıların olduğu görünür. Görüntülər paytaxt Tehran, Təbriz və başqa böyük şəhərlərdə çəkilib.

Xarici müşahidəçilər və regional analitiklər bildirir ki, sözügedən silahlı qruplar İran təhlükəsizlik strukturlarına – o cümlədən “Bəsic” və İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı muzdlu yaraqlılardır.

Məlumatlara görə, silahlı qüvvələrin şəhər daxilində açıq şəkildə nümayiş etdirilməsi ölkədə artan ictimai gərginlik və təhlükəsizlik riskləri ilə əlaqədar etirazçıları qorxutmaq kimi qiymətləndirilir. İran hakimiyyəti isə bu addımı “ictimai asayişin qorunması” kimi izah etməyə çalışır.

Bu cür silahlı qrupların ölkə daxilinə cəmlənməsi yalnız daxili təhlükəsizlik məqsədi daşıyır, yoxsa İranın regionla bağlı daha geniş planlarının tərkib hissəsidir? Xüsusilə, bu proksi və ya terror xarakterli qüvvələrin aktivləşməsi Cənubi Qafqazda, o cümlədən Azərbaycan üçün potensial təhlükə və ya təzyiq alətinə çevrilə bilərmi?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Vasif Həsənli qeyd edib ki, İran Azərbaycanın cənub sərhədi boyunca tampon ölkə rolunu oynayır:

“İranın dağılması halında sərhəd boyu nəzarətsiz ərazilər yarana, silahlı qruplar, qaçaqmalçılıq və terror riskləri arta bilər. Bu isə Azərbaycanın sərhəd təhlükəsizliyi üçün böyük hərbi və resurs yükü deməkdir. ABŞ, İsrail, Rusiya, hətta Çin kimi güclər İran ərazisində və ya ətrafında möhkəmlənə bilər ki, bu da Azərbaycanın birbaşa geosiyasi təzyiq zonasına çevrilməsi anlamına gəlir və balanslaşdırılmış xarici siyasəti çətinləşdirər”.

Siyasi ekspertin sözlərinə görə, əgər vəziyyət kuliminasiya nöqtəsinə çatarsa, o zaman ABŞ və İsrailin İrana müdaxiləsi özünü çox gözlətməyəcək:

“Belə olan halda Azərbaycanın cənub sərhədləri ciddi təhlükə altına düşə bilər. Bu baxımdan, Azərbaycan dövləti, aidiyyatı qurumlarımız həmin istiqamətdə önləyici tədbirlər görməlidirlər. Bəlkə də artıq bununla bağlı hər hansı hazırlıqlara da başlanılıb. Ümid edirəm ki, hadisələr o həddə gəlib çatmaz və İranda böyük islahatlara başlanılar. Pezeşkian İranı yaxşıya doğru dəyişmək gücünə sahibdir”.

Seçilən
92
nocomment.az

1Mənbələr