AZ

Adnan Əhmədzadəyə məxsus olduğu deyilən "BolMart"da istehlakçı hüquqları belə tapdanır - FOTO

Adnan Əhmədzadəyə məxsus olduğu deyilən "BolMart"da istehlakçı hüquqları belə tapdanır - FOTO

“BolMart” marketlər şəbəkəsinin Sabunçu mağazasında alıcılara qarşı hörmətsizlik edilir, istehlakçı hüquqları pozulur.

AFN.az xəbər verir ki, marketdə məhsulların üzərinə bir neçə fərqli qiymət yazılır. Vəziyyətlə saytımızın əməkdaşları üzləşib.

Belə ki, marketdən alış-veriş edərkən “Organic Line” arağı almaq istəyən əməkdaşımız, sözün əsl mənasında çaşbaş qalıb. Soyuducu vitrinində 16.79 AZN-ə qoyulan 1 litrlik araq spirtli içkilər vitrinində 17.99 AZN-ə təqdim olunub.

Həmçinin 0.5 və 0.7 litrlik araqlarla bağlı da eyni vəziyyət müşahidə edilib. Soyuducu vitrinində müvafiq olaraq 10.79 AZN və 13.79 AZN göstərilən qiymətlər spirtli içkilər vitrinində 11.29 AZN və 14.75 AZN kimi qeyd edilib.

Maraqlıdır ki, mağazanın administratoruna bu barədə məlumat verilsə də, alıcıların hüquqları təmin edilməyib. Administrator vitrindəki ucuz qiymətləri götürərək bildirib ki, qiymətlər dəyişib: “Bu qiymətlər ayın 4-dən qalanlardır, bu birilər yeni qiymətlərdir”.

Administratorun sözlərindən belə çıxır ki, yanvarın 4-dən bəri marketdə iki dəfə qiymət dəyişikliyi baş verib.

Ümumiyyətlə qeyd etmək yerinə düşər ki, “BolMart”da qiymətlər digər marketlərlə müqayisədə daha bahadır. Ətrafda yaşayan sakinlər bildirirlər ki, əvvəllər vəziyyət daha da ağır olub.

“Qonşuluqda "Araz" market açılana qədər başqa marketdən 50 manata etdiyimiz alış-verişi burada azı 60–65 manata edirdik. "Araz" açıldıqdan sonra məcbur qiymətləri endirdilər, amma yenə də bahalıq qalır. Üstəlik, burada istehlakçı hüquqları tez-tez pozulur”, – deyə sakinlər qeyd edirlər.

Qeyd edək ki, “BolMart” marketlər şəbəkəsinin hazırda həbsdə olan SOCAR-ın Ticarət Departamentinin keçmiş rəhbəri Adnan Əhmədzadəyə məxsus olduğu bildirilir.

Bu şəbəkənin real sahibləri, maliyyə hesabatları və fəaliyyət şəffaflığı barədə açıq mənbələrdə məhdud məlumat mövcuddur.

Musavat.com-un apardığı araşdırmaya görə, “BolMart” brendinin arxasında "Pro-Mart" MMC dayanır. Şirkət "Az Fast Moving Business" MMC və "Unitrade Group" MMC tərəfindən 50 faiz payla təsis edilib.

Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə yer alan son maliyyə hesabatlarına görə, "Pro-Mart" MMC bir il ərzində 141 milyon manatdan çox satış dövriyyəsi əldə edib, lakin xalis mənfəət cəmi 27 min manat göstərilib.

Hazırda “BolMart” respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir. Belə böyük ticarət şəbəkəsinin ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərməsi ciddi suallar doğurur.

Seçilən
98
afn.az

1Mənbələr