AZ

Hindistanın törətdiyi siqh soyqırımına tarixi baxış

Bakı, 16 yanvar, Rabil Kətanov, AZƏRTAC

Hindistan bəlkə də dünyada yeganə ölkədir ki, onun ərazisində yüzlərlə müxtəlif dilə, dinə, etnik və say tərkibinə malik olan xalqlar yaşayır. Bunlardan akha, anqam, adaman, benqal, dardı, doqra, tamil və s. göstərmək olar. İngilis alimi Herbert Hope Risley 1890-cı ildə elmi əsasda, Hindistan xalqlarının irqi təsnifatını aparıb.

AZƏRTAC xəbər verir ki, alim 1901-ci ildə ingilis müstəmləkə hökuməti tərəfindən əhalinin siyahıya alınması komissiyasına rəhbər təyin olunmuş və “Hindistan xalqları” adlanan sənəd hazırlayıb. O hind əhalisinin 7 irqdən ibarət olması nəticəsinə gəlib və tiplərə bölərək belə qruplaşdırma aparıb: Türk-İran tipi, Hind-Ari tipi, Skif-Dravid tipi, Ari-Dravid tipi, Monqol-Dravid tipi, Monqol tip, Dravid tipi. İngilis alim bu xalqların mədəniyyətini, dünyagörüşünü, savadlılıq səviyyəsini və sosial-iqtisadi vəziyyətini təhlil edib.

Bu xalqlar arasında siqhlər çoxluq təşkil edir. Sayları 100 milyonu keçən bu xalq əsasən Hindistanın Pəncab əyalətində yaşayırlar. Say etibarı ilə çox olmaları Hindistanın müxtəlif yerlərində məskunlaşmalarına səbəb olub. Hindistan Böyük Britaniya koloniyasından çıxaraq müstəqil olduqdan sonra siqhlər mərkəzi hökumətdən muxtariyyət tələb edərək daha yaxşı sosial-iqtisadi sistem qurmaq istəyirdilər. Bəzən Dehlidə, Mumbaidə kütləvi çıxışlar keçirilirdi ki, bu da hakimiyyəti narahat edirdi. Lakin 1984-cü ildə baş verən bir hadisə siqhlərin soyqırıma məruz qalması ilə nəticələndi.

Hindistanın Baş naziri İndira Qandi 1984-cü ilin oktyabrında şəxsi cangüdəni tərəfindən qətlə yetirildi. Siqhlərlə mərkəzi hökumət arasında ixtilafların olmasına baxmayaraq xanım Qandinin cangüdənləri siqhlərdən ibarət idi. Bu sui-qəsdən sonra yeni baş nazir, İ. Qandinin oğlu Raciv Qandi bəyan etdi ki, “Böyük ağac kəsilərək yerə düşəndə titrəyiş baş verir”. Hakimiyyətdə olan Hindistanın Milli Konqres Partiyasının rəhbərliyi hesab etdi ki, bu cinayətə görə təkcə onu törədənlər deyil, bütün siqhlər cavab verməlidirlər (Raciv Qandi də 1991-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilib).

Qeyd etmək lazımdır ki, baş nazirə qarşı həyata keçirilən sui-qəsdən 4 ay əvvəl Hindistanın xüsusi xidmət orqanları siqhlərin çıxışlarını yatırmaq üçün “Mavi ulduz” kod adı altında əməliyyat keçirmişdilər. Əməliyyat zamanı 500 siqh qətlə yetirildi və Amritsar şəhərindəki müqəddəs hesab etdikləri “Qızıl məbəd” təhqir olundu ki, bu da siqh icması ilə hindlilər arasındakı ixtilafı düşmənçiliyə çevirdi.

1984-cü ilin noyabrında Hindistan televiziya və radiosunun “qana-qan” təbliğatının nəticəsində böyük şəhərlərdə siqhlərə qarşı hücumlar başladı. Polis nəinki bunun qarşısını almadı əksinə, siqhlərə hücum edənlərə bıçaq, ağac (dubinka) və digər kəsici alətlər payladı.

Parlament üzvü Sadcan Kumar və həmkarlar ittifaqının rəhbəri Lalit Maken ixtişaşları rəsmi qaydada maliyyələşdirirdilər. Sonralar bu adamlar çəkinmədən müsahibələrində qeyd edirdilər ki, baş nazirin tapşırıqlarını yerinə yetirirdilər və çox sayda siqh öldürənə əlavə mükafat verirdilər. Küçələrə çıxan öyrədilmiş gənclər qadın və uşaq demədən siqhləri qətlə yetirir, onların saqqalarını yandıraraq əzab verirdilər. Qadınların baş örtüklərini zorla açıb onlara qarşı əxlaqsız hərəkətlər edirdilər. Canlarını qurtarmaq üçün şəhərdən çıxmağa çalışan siqhləri avtovağzal, hava limanı və dəmir yolu vağzalında silahlanmış adamlar gözləyirdi və onları tutub qiymətli əşyalarını alır özlərini isə ölənə kimi döyürdülər. Bir gün ərzində 5 min adamın qətlə yetirilməsini kifayət hesab etməyən hökumət sonrakı günlərdə də soyqırımının davam etməsi üçün çağırış edirdi.

Həmin dövrdə “The New York Times” qəzetinin Hindistanda çalışan xüsusi müxbiri Barbara Krosset öz məqaləsində Hindistanda baş verənləri 1938-ci il noyabrın 9-dan10-na keçən gecə faşist Almaniyasında yəhudilərə qarşı törədilən soyqırımı cinayətinə bənzətmişdi.

“Siqhlər ədalət uğrunda” beynəlxalq qeyri-hökumət təşkilatı 2014-cü ildə “Siqhlərin soyqırımı” adlı hesabat hazırlayaraq BMT-nin Baş katibinə təqdim etdilər, təsdiq olunan faktlar üzrə 35 min siqhin qətlə yetirildiyini sübut etdilər. Araşdırmalar zamanı 18 ştatda siqhlərin kütləvi şəkildə dəfn olunduqları məzarlar aşkar edilib.

Hindistanın tarixində cəmi bir dəfə siqh ölkənin baş naziri seçilib ki, o da Manmoxan Sinx olub (2004-2014). Bu dövrdə Hindistanda yaşayan xalqlar arasında sabitlik hökm sürüb, Pakistan və Çin kimi dövlətlərlə münasibətlər qaydasında olub.

Bu gün Hindistana rəhbərlik edən Narendra Modi hökuməti millətçilik siyasəti apararaq digər xalqların nəinki hüquqlarını pozur, onları yaşamaq hüququndan belə məhrum edir. Hələ N.Modinin Qucerat ştatının qubernatoru olduğu 2002-ci ildə müsəlmanlara qarşı, 2008-ci ildə isə Orissa ştatının qubernatoru olduğu zaman burada yaşayan xristianlara qarşı zorakılıq aksiyaları həyata keçirilmişdi. Məhz N.Modinin köməkliyi ilə heç bir cinayət işi açılmadı və zorakılıq aksiyaları araşdırılmadı.

Seçilən
182
azertag.az

1Mənbələr