AZ

"4 səhvin 1 düzü aparması tamamilə yanlış verilmiş bir qərardır" - AÇIQLAMA

Təhsil eksperti Məzahir Məmmədli təklif edib ki, ali məktəblərə qəbul zamanı blok imtahanında 4 səhvin 1 düzü apardığı kimi, buraxılış imtahanlarında da 4 səhv 1 düzü aparsın.

Təkliflə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Murad bildirdi ki, həmkarı bu məsələdə birtərəfli düşünüb. Onun fikrincə, bu, tamamilə yanlış bir yanaşmadır:

"Çünki onsuz da abituriyentlər imtahan ərəfəsində kifayət qədər stres içində olurlar və artıq yetərincə əziyyət çəkirlər. Daha burada ikinci dəfə dönüb, həm buraxılış imtahanında, həm də blok imtahanında səhvlərin düzlərini aparmaq məsələsinə gətirib çıxarsalar, abituriyentlərdə stres artacaq və uğurlu nəticə əldə olunmayacaq. Ümumiyyətlə, səhv düz aparmaq məsələsi bizim təhsil sistemimizdə tamamilə yanlış verilmiş bir qərardır. Çünki şagird müəyyən qədər öz biliyini ortaya qoyur. O, bildiyini yazır, bilmədiyində isə təxmini bir fikir yürüdür və ona uyğun cavab formalaşdırır. Səhv olsa da, o cavabı formalaşdırmağa çalışır. Sonra bunu ləkələmək, hansısa bir səhv yazdığı üçün öz bildiyini də qaralamaq və ona kölgə salmaq yanlış düşüncədir. Ona görə də, buraxılış imtahanında səhvin düzü aparılması məsələsi gəlsə, bu, abituriyentlər arasında həm ajiotaj yaradacaq, həm problemə səbəb olacaq, həm də onların təhsillə bağlı düşüncələrində soyuma və geriləmə yarada bilər. Beləliklə, buraxılış imtahanında səhvin düzü aparılması əgər qəbul olunsa, bu, tamamilə yanlış və lazımsız bir qərar olacaq. Ona görə də belə bir addım atmaq doğru deyil".

Nuriyyə NATİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr