AZ

Bakı və Abşeronda su təsərrüfatı ilə bağlı yeni Dövlət proqramı təsdiqləndi.



Cari ilin 12 yanvar tarixində dövlət başçımız İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarmadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkminləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə çıxış edib.

Prezident İlham Əliyev ilk öncə son illərdə ölkəmizdə icra edilən genişmiqyaslı infrastruktur layihələrində bəhs etdi. Belə ki, iyirmi il ərzində həm Bakıda, həm də regionlarda hər biri beş ili əhatə edən bir neçə regional inkişaf proqramı qəbul olunmuş, bunun nəticəsində əsas infrastruktur problemləri mərhələli şəkildə həll edilmişdir. Elektrik enerjisi ilə təminat artıq bütün ölkə üzrə tam əhatəlilik qazanmış, generasiya gücləri təxminən 10 min meqavata çatdırılmışdır. Yarımstansiyalar, ötürücü xətlər və paylayıcı şəbəkə vahid sistem halında formalaşdırılmışdır. Cənab Prezident hazırda neft və qazın dünya bazarlarına ixrac edildiyi kimi, gələcəkdə Azərbaycanın elektrik enerjisinin də eyni miqyasda beynəlxalq bazarlara çıxacağını söylədi.

Prezident İlham Əliyev ölkəmizdə son 20 il ərzində aparılan infrastruktur layihələri arasında qazlaşmanın xüsusi yer tutduğunu söylədi. Belə ki, hazırda əhalinin 96 faizi təbii qazla təchiz olunub, dünyanın 10-dan çox ölkəsi Azərbaycanın təbii qazını alaraq öz enerji təhlükəsizliyini təmin edib.

Dövlətimizin başçısı son 20 il ərzində inşa edilən və ümumi potensialı 500 milyon kubmetrdən çox olan 4 böyük su anbarının əhəmiyyətindən də danışdı. Xüsusilə də, “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarının inşası Bakının su təchizatının böyük problemlərlə üzləşməsinin qarşısını alıb. “Taxtakörpü” su anbarı Samur çayının sularını “Ceyrənbatan” su anbarına yığaraq orada ehtiyat yaranmasına imkan yaratdı. Bununla belə, “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuş, yeni, müasir təmizləyici qurğular inşa edilmişdir.

Prezident İlham Əliyev azad edilmiş ərazilərdə həyata keçirilən içməli su və suvarma layihələrindən də danışdı və bildirdi ki, Ermənistan tərəfindən dağıdılmış və yararsız hala salınmış ölkəmizin ən böyük su anbarlarından olan “Sərsəng” təmir olunaraq istifadəyə verilib. Vaxtilə Ermənistanın “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularını bağlayaraq sudan silah kimi istifadə etməsi ölkəmizə böyük problemlər yaradıb. Hazırda azad edilmiş Füzuli rayonunda “Köndələnçay-1”, “Köndələnçay-2”, “Aşağı Köndələnçay” su anbarları və Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı isə bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və bununla bağlı artıq hazırlıq işləri gedir.

Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, su mənbələri hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın su ehtiyatlarının təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə yerləşirdi. Məhz bu səbəbdən uzun illər ərzində ölkəmizin su təhlükəsizliyi ciddi risklər altında idi. Ərazilərimizin azad edilməsi nəticəsində həmin su mənbələri üzərində tam suverenlik bərpa olunmuş, təbii sərvətimiz öz əsl sahiblərinin istifadəsinə qaytarılmışdır. Bununla yanaşı, Kür, Araz və Samur kimi əsas çayların mənbələrinin ölkə hüdudlarından kənarda formalaşması bu sahədə xüsusi həssas yanaşmanın və sistemli dövlət siyasətinin vacibliyini bir daha təsdiqləyir.

Dövlət başçımız çıxışında qlobal iqlim dəyişikliklərinin yaratdığı təhlükələrə xüsusi diqqət çəkərək bildirmişdir ki, artıq bir çox ölkələr bu prosesdən ciddi zərər görür. Azərbaycanın su təhlükəsizliyi ilə bağlı məsələlər isə sistemli şəkildə öz həllini tapır. Son 20 il ərzində həyata keçirilmiş irimiqyaslı layihələr göstərir ki, vaxtında atılan addımlar bu gün ölkəmizin su təminatı sahəsində mümkün böhranların qarşısını almışdır. Aparılan siyasətin əsas məqsədi əhalinin, sənayenin və kənd təsərrüfatının dayanıqlı su ilə təmin edilməsi, su mənbələrinin qorunması, su anbarlarının potensialının artırılması, uçotun tam yaradılması və mövsümi suların səmərəli idarə olunmasıdır.

Şəhər təsərrüfatının mühüm problemlərindən biri olan yağış sularının idarə olunması da proqramın əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, leysan yağışları zamanı Bakıda nəqliyyatın iflic vəziyyətinə düşməsi ciddi narahatlıq doğurur. Bu məqsədlə paytaxtın 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması nəzərdə tutulur. Kanalizasiya xidmətlərinin əhatə dairəsinin 50 faizdən 95 faizə çatdırılması isə şəhər infrastrukturunun keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edəcək.

Xəzər dənizinin ekoloji mühafizəsi də cənab Prezidentin çıxışında xüsusi yer tutdu. Dənizə buraxılan suların 100 faiz təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının artırılması Xəzərin çirklənməsinin qarşısının alınmasına yönəlmiş ardıcıl dövlət siyasətinin tərkib hissəsidir.

Strateji yeniliklərdən biri də ölkədə ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşa edilməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə sırf xarici investisiyalar hesabına həyata keçiriləcək və Abşeron yarımadasının su təchizatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Xəzər dənizinin suyunun nisbətən az duzlu olması bu texnologiyanın iqtisadi səmərəliliyini artırır və əhalinin keyfiyyətli içməli su ilə təmin olunmasına real zəmin yaradır.

Eyni zamanda, Prezident İlham Əliyev Samur–Abşeron kanalının, Oğuz–Qəbələ–Bakı su kəmərinin strateji əhəmiyyətini xüsusi qeyd edərək vurğuladı ki, bu infrastruktur layihələri vaxtında həyata keçirilməsəydi, bu gün Bakıda su qıtlığı çox ciddi şəkildə özünü göstərə bilərdi.

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” Prezident İlham Əliyevin formalaşdırdığı milli su təhlükəsizliyi strategiyasının mühüm tərkib hissəsidir. Proqramın əsas məqsədi su təchizatının dayanıqlığını artırmaq, alternativ su mənbələri yaratmaq, mövcud infrastrukturun yenilənməsini təmin etmək və paytaxt regionunda suya olan artan tələbatı uzunmüddətli perspektivdə etibarlı şəkildə qarşılamaqdır.

Dövlət Proqramı su və kanalizasiya şəbəkələrinin genişləndirilməsini, yağış suları ilə bağlı risklərin aradan qaldırılmasını, tullantı su infrastrukturunun təkmilləşdirilməsini və ekoloji vəziyyətin yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, su sektorunda rəqəmsal idarəetmənin tətbiqi, SCADA və IoT sistemləri vasitəsilə nəzarətin gücləndirilməsi, su itkilərinin effektiv monitorinqinin təmin edilməsi müasir və çevik su idarəetmə modelinin formalaşdırılmasına xidmət edir.

Bu proqram Bakı və Abşeron yarımadasının su təhlükəsizliyinin möhkəmləndirilməsi, şəhər infrastrukturunun dayanıqlığının artırılması və əhalinin keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində strateji dövlət yol xəritəsidir.

Beləliklə, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səsləndirilən mövqelər bir daha göstərdi ki, su təhlükəsizliyi məsələsi Azərbaycanda strateji dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı paytaxt regionunun infrastrukturunun modernləşdirilməsi, ekoloji tarazlığın qorunması və əhalinin dayanıqlı su ilə təmin olunması baxımından fundamental yol xəritəsi rolunu oynayır. Bu proqram Prezident İlham Əliyevin uzaqgörən inkişaf konsepsiyasının və milli resursların səmərəli idarə olunmasına əsaslanan dövlətçilik modelinin növbəti təzahürüdür.


Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri



Seçilən
69
1
aia.az

10Mənbələr