Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Yanvarın 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı, Biləsuvar və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.
XQ xəbər verir ki, komitə sədri qəbuldan öncə Cəlilabad şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Cəlilabad, Masallı, Biləsuvar və Salyan rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.