Bakı, 16 yanvar, AZƏRTAC
İsrail kəşfiyyatının – “Mossad”ın rəhbəri David Barnea İrandakı vəziyyətə dair danışıqlar aparmaq üçün ABŞ-a səfər edib.
AZƏRTAC xəbər verir ki, “Axios” portalının yaydığı məlumata görə, danışıqlar İrandakı etiraz aksiyaları və rəsmi Tehrana cavab olaraq Birləşmiş Ştatların mümkün hərbi əməliyyatları ilə bağlı iki ölkə arasında məsləhətləşmələr çərçivəsində keçiriləcək.
“Mossad” rəhbərinin Mayamidə Ağ Evin xüsusi elçisi Stiv Uitkoffla görüşü gözlənilir. Onun Prezident Donald Trampla görüşüb-görüşməyəcəyi isə hələlik məlum deyil.
Bu həftənin əvvəlində Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. Netanyahunun Trampı İrana hərbi zərbələri təxirə salmağa çağırdığı bildirilib.
Bir müddət əvvəl Tramp genişmiqyaslı iğtişaşların zor gücünə yatırılmasına cavab olaraq İranı sərt tədbirlərlə hədələyib. Lakin yanvarın 14-də bildirib ki, onda olan məlumata görə, İran hakimiyyəti etiraz aksiyalarının iştirakçılarını edam etməkdən artıq vaz keçib.