AZ

Siqh Federasiyasının sədri: Hindistan tərəfindən həyata keçirilən transmilli repressiyaları diqqətlə izləyirik

Bakı, 16 yanvar, AZƏRTAC

Bu gün Hindistanda siqh icmasına və digər azlıqlara qarşı törədilən zorakılığı Bakıda müzakirə etmək üçün bir araya gəldik. Son üç il ərzində Hindistan tərəfindən həyata keçirilən transmilli repressiyaları diqqətlə izləyirik. Böyük Britaniya və Kanadada siqhlərə qarşı törədilən zorakılıqlar, Avtar Singh Khandanın, eləcə də Hardeep Singh Nijjarın Hindistan agentləri tərəfindən öldürülməsi buna nümunədir. Bu faktlar Kanada hökuməti tərəfindən də təsdiqlənib.

Bu hadisələr 1947-ci ildən bəri siqhlərin və digər azlıqların üzləşdiyi zorakılığın davamıdır. Onlar artıq yeddi onillikdən çoxdur ki, faktiki olaraq işğal şəraitində yaşayırlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Siqh Federasiyasının sədri Bual Moninder Singh söyləyib.

Onun fikrincə, dünya Hindistanda Xalistan uğrunda siqh mübarizəsinə və azadlıq tələbinə, eləcə də müsəlmanların, xristianların, dalitlərin və digər azlıqların hüquqlarının sistemli şəkildə pozulmasına daha çox diqqət yetirməlidir. Bu pozuntular son iki onillikdə davamlı xarakter alıb və hətta Hindistanın 1947-ci ildə yaranmasından əvvələ gedib çıxır.

“Bu konfransın Bakı Təşəbbüs Qrupu ilə birgə təşkilinə görə onların qonaqpərvərliyini yüksək qiymətləndiririk. Dünyanın müxtəlif icmaları arasında həmrəyliyin qurulması, qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti, BMT və digər beynəlxalq platformalarda səslərin eşidilməsi olduqca vacibdir.

Biz siqhlər bu zorakılıqdan qaçmırıq, əksinə ona qarşı çıxırıq. Dünyanın bizi yalnız qurban kimi deyil, azadlıq və suverenlik uğrunda onilliklərdir mübarizə aparan bir xalq kimi görməsini istəyirik. Biz təkcə özümüz üçün deyil, digər xalqlar üçün də mübarizə aparırıq. Kəşmir müsəlmanları, Hindistandakı digər azlıqlar olan dalitlər, naqalar və xristianlarla çiyin-çiyinə dayanırıq”, - deyə Siqh Federasiyasının sədri vurğulayıb.

O qeyd edib ki, Hindistanda Baş nazir Narendra Modinin rəhbərliyi ilə həyata keçirilən zorakılıq siyasəti təxminən iyirmi il əvvələ, 2002-ci ildə Gujarat ştatında minlərlə müsəlmanın öldürüldüyü hadisələrə gedib çıxır. Modi Baş nazir olduqdan sonra bu zorakılıq daha da artıb. Onun müavinləri və milli təhlükəsizlik üzrə müşaviri də azlıqlara qarşı zorakılığı təşviq edən keçmişə malikdirlər.

“Bu gün biz Bakıda Bakı Təşəbbüs Qrupu ilə birlikdə Hindistanda siqhlərə və digər azlıqlara qarşı törədilən zorakılığa qarşı çıxırıq. Bu, dünyanın müxtəlif yerlərində formalaşan həmrəylik münasibətlərinin bir nümunəsidir", - B.M.Singh əlavə edib.

Seçilən
24
azertag.az

1Mənbələr